Nobel mükafatlı müəllifin “Göy quş”u Naxçıvan səhnəsində

 

Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olub.
 

Naxçıvan teatrında ilk dəfə səhnəyə qoyulan “Göy quş” pyesi nikbin ideyaları təlqin edir. Uşaq nağılı poetikasında yazılmış fəlsəfi əsər müdrik və ibrətamiz duyğular aşılayır. Tamaşada odunçunun oğlu Tiltil və qızı Mitilin qonşudakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli Göy quşun axtarışına çıxması, xoşbəxtliklər bağı, xoşbəxt gələcək dünyalarına səyahətlərindən bəhs olunur. Səyahət zamanı onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin gizlətdiyi təbiət sirlərinin ruhları ilə qarşılaşırlar. Onlar başa düşürlər ki, xoşbəxtlik simvolu olan Göy quş hər kəsin öz qəlbindədir. Tamaşadakı uşaq obrazları bəşəriyyətin xoşbəxt gələcəyini simvolizə edərək əsərin ideyasının açılmasına imkan verir.

Əməkdar artist Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı əməkdar rəssam Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Azərbaycanın əməkdar artistləri Behruz Haqverdiyev, Əli Əliyev, muxtar respublikanın əməkdar artistləri Vüsal Rzayev, Kəklik Novruzova, gənc aktyorlardan Heyran Abdullayeva, Vəli Babayev, Şölə Novruzbəyli və Fatimə Yusifli əsərin uğurlu səhnə həllinə nail ola biliblər.

Xudaferin.eu
“Naxçıvan Bürosu”

09:17