Monopolistlərin əlini “gücləndirən” qanun

 “Bank haqqında” qanuna dəyişiklik iri məbləğlərin silinməsinə şərait yaradacaq

Ağır iqtisadi böhran dövründə problemli kreditlərin həcminin ciddi şəkildə artması bankların vəzyyətini çətinləşdirdi. Əslində bu bankların zamanında apardığı yanlış pul-kredit siyasətinin nəticəsi idi. Ancaq hökumət yenə də bankların xilas olması üçün bütün yükü vətəndaşların üzərinə yüklədi və nəticədə də banklar bundan maksimum istifadə etdi. Bu günlərdə isə “Banklar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsi gündəmə gəldi. Layihədə qeyd olunub ki, müvəqqəti inzibatçı 45 gün ərzində aşağıdakı halların mövcud olduğu (son 2 illik) müqavilələri etibarsız hesab edir, həmin müqavilələrdən əsasında əldən çıxmış aktivlərin geri qaytarılması və banka dəyən zərərin ödənilməsi üçün tədbirlər görür. Bu qanuna əlavə və dəyişikliklərdə “bankın əmlakının aşağı şərtlərlə özgəninkiləşdirilməsi, istifadəsi, kredit müqavilələri ilə müştərilərə qeyri-adi güzəştlərin verilməsi, bank aktivlərinin ələ keçirilməsi məqsədilə bağlanan müqavilələr, bəzi kreditorlarla imtiyazlar və ya güzəştlər ehtiva edən əqdlər, aidiyyəti şəxslərlə qanunsuz və ya kreditorların maraqlarına təhlükə yaradan müqavilələr, bankın real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı məbləğdə müqavilələr bağlamaqla satınalma və kredit təminatlarının dəyərinin şişirdilməsi” bu maddələrin əlavə olunması nəzərdə tutulur.
Nəzərdə tutulan bu dəyişikliklərin sadə əhaliyə hər hansı bir təsiri olmayacaq. Çünki sadə vətəndaşlar, adətən, istehlak, təmir, lombard və bu kimi digər kredit şərtlərindən istifadə edirlər. Bu kreditlərdə isə qiymətləndirmələr, adətən, daha aşağı hesablanır və bazar qiymətlərinə adekvat olmur. Hər hansı bir vətəndaş kredit üçün banka müraciət etsə və girov olaraq daşınmaz əmlakın qoyulmasını təklif etsə, bank həmin əmlakı bazar qiymətinin 40-50 faizində dəyərləndirir. Bu da banklar üçün demək olar ki, kreditlərin geri alınmasında heç bir problem yaratmır. Bank-vətəndaş qarşıdurmalarında da bunun şahidi oluruq. Banklar demək olar ki, bütün məhkəmə çəkişmələrindən qalib çıxır. Qəbul olunması nəzərdə tutulan “Banklar haqqında” qanun layihəsinə əlavə və dəyişiklik ancaq banklara və yüksək ranqlı məmur biznesinə dəstək üçün nəzərdə tutulur. Belə ki, iri biznes sahibi olan məmurlar əmlaklarını dəyərindən qat-qat yüksək məbləğdə qiymətləndirilməsini təmin edərək banklardan yüksək məbləğdə kreditlər götürür. Sonra da kreditlərin ödənişində yaranan problemləri həll etmək üçün bank məhkəməyə müraciət edir və iri biznes sahibləri əmlaklarını itirmək təhlükəsilə üz-üzə qalırlar. Ancaq yeni təklif olunan layihə qəbul olunarsa, bu hallar məhz həmin iri sahibkarların xeyrinə həll olunacaq və borcun müəyyən bir hissəsi bankın üzərinə qoyulacaq. Nəzərə alsaq ki, banklar özləri də elə həmin iri sahibkar məmurların əlindədir bu proses yalnız hesabdan pul silməklə nəticələnəcək.
2000-ci ilin sonlarında da bank qanunlarına dəyişiklik məsələsi gündəmə gəlmişdi. Belə ki, həmin vaxt banklara qoyulan girovun dəyərini bazar qiymətinin 80 faizi dəyərində müəyyənləşdirilməsi nəzərdə tutulurdu. Ancaq bu həmin əmlakın satışa çıxarıldığı günün bazar qiymətlərinə uyğun olaraq satılması və əgər qiymətlər kəskin aşağı düşsə belə, vətəndaşın banka olan borcunun tamamilə silinməsini nəzərdə tuturdu. O, dövrdə bu təklif müzakirələrdən müsbət rəy almadı və qəbul olunmadı. Hazırda təklif olunan dəyişiklərin qəbul olunub-olunmaması da hələ ki, sual altındadır. Ancaq dəyişikliklərin sadə vətəndaşlara heç bir xeyri olmayacağını nəzərə alsaq, təklif olunan dəyişikliklərin qəbul olunacağı real görünür. Hər halda monopolist məmurlar bu məsələdə israrlı olacaqlar və dəyişiklərin qəbul olunması üçün çalışacaqlar. Çünki yuxarıda da qeyd etdiyimiz kimi bu dəyişikliklər yalnız onların maraqlarını təmin edir. Monopolist məmurlar sahib olduqları güclərini böhrana qurban verməmək üçün hər cür addım atmağa hazırdırlar.

Vilayət Muxtar
(Cebhe.info)

12:31