Mirzə Şəfi Vazeh Muzeyi və park-kompleksi yaradılır

 

Özünün intibah dövrünü yaşayan Gəncədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazeh irsinin gələcək nəsillərə çatdırılması məqsədi ilə park-kompleks və muzey yaradılır. Şəhərin Gülüstan qəsəbəsində salınan park –kompleksin ərazisi 1 hektardır. Park-kompleksidə inşa edilən muzey isə 2 mərtəbədən ibarətdir. Muzeyin fasadı milli ornametlərlə işləniləcək, ətrafını bulaqlar, heykəl və mozaika kompozisiyası bəzəyəcək.

Muzeydə eksponatlarla yanaşı şairin Gəncəyə gətirilən əlyazmaları nümayiş olunacaq. Parkda yerli sakinlər, şəhərə gələn qonaqlar istirahət edəcək, şair haqqında ətraflı məlumatlar əldə edə biləcəklər. Gəncənin baş rəssamı Şərif Şərifov yaxın günlərdə Mirzə Şəfi Vazehə aid heykəl kompozisiyaların yaradılmasına başlayacaq.

Qeyd edək ki, Mirzə Şəfi Vazehlə bağlı Gəncənin 15-ə yaxın ərazisində müxtəlif tərtibatlarda bədii kompozisiyalar yerləşdirilib. Maarifçi şairin adını daşıyan 1 sayl tam məktəbdə Mirzə Şəfi Vazeh və Axundov dialoqunu əks etdirən pano, Xətai prospektində Texnologiya Universitetinin qarşısında Vazeh irsinə həsr olunan yeraltı keçiddə və Atabəylər küçəsində panolar quraşdırılıb. Şairin yaradıcılığı toxunan xalçalar üzərində də öz əksini tapıb. 3 müxtəlif tərtibatda 40 ədəd xalçada Mirzə Şəfi Vazehin portreti Gəncənin təbiəti, Göygöl və Kəpəz dağının fonunda əks olunub. Poeziya rəngləri ilə xalçaların kənarında buta, eləcə də müxtəlif milli ornamentlər yer alıb.

Hicran Məmmədova

Gəncə

12:14