Latviyada dövlət dili haqqında qanunun pozulmasına görə cərimələr artırılacaq

 

Latviya seymi dövlət dili (latış dili) haqda qanunun pozulmasına görə cərimənin bəzi hallarda 10 min avroya qədər artırılması barədə qanun layihəsini ilk oxunuşda qəbul edib və onu baxılması üçün komissiyaya göndərib.

Sənədə əsasən dövlət dilinə aşkar hörmətsizlik üçün tətbiq olunan cərimələr fiziki şəxslər üçün 350 avrodan 700 avroya, vəzifəli şəxslər üçün 250 avrodan 700 avroya, hüquqi şəxslər üçün isə 10 min avroya qədər artırılıb. Dövlət dilindən istifadə etməməyə görə 35 avrodan 280 avroyadək, bu hal bir il ərzində təkrar baş verərsə, 280 avrodan 700 avroya qədər cərimə nəzərdə tutulub.

Qanun layihəsinin lehinə 58 deputat, əleyhinə 20 deputat səs verib, 2 nəfər isə səsvermədə iştirak etməyib. Bundan sonra sənəd korrektə olunmaq üçün Seymin komissiyası tərəfindən nəzərdən keçiriləcək. Qeyd edək ki, dövlət dili latış dili olan Latviya əhalisinin 40 faizinin danışdığı rus dili xarici dil statusuna malikdir.

Xudaferin.eu
“Avropa Bürosu”

17:08