İstiqlal şairi Almas İldırımın 110 illiyi qeyd olunacaq

 

Mayın 31-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd olunacaq.

Tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Tədbir çərçivəsində qonaqlara konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi mənalanan Almas İldırım özünəməхsus, poetik tərzi ilə hər zaman diqqəti çəkib. 6 il sürgün və qaçaq həyatı yaşayan Almas İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb, yaradıb. Şairin bir çox şeirləri, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən “Əsir Azərbaycanım” şeiri dillər əzbərinə çevrilib. Bir sıra şeir kitablarının müəllifi kimi təkcə Azərbaycan, Türkiyə, Güney Azərbaycan, Quzey İraq Türkmanelində deyil, bütün Türk Dünyasında Almas Yıldırım ədəbiyyatsevərlərin sevimlisi olaraq tanınmaqdadır.

 

Xudaferin.eu

 

09:23