İraq Parlamenti Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə qaytarılması barədə qərar qəbul edib

 

İraq Parlamenti Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə qaytarılması və Kürdüstan muxtar qurumunun müstəqilliklə bağlı keçirdiyi referendumda səs verən məmurların işdən kənarlaşdırılması barədə qərar qəbul edib. İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Hakim Zamili Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə qaytarılması və referendumda səs verən dövlət məmurlarının işdən çıxarılması barədə qərar verildiyini deyib. O, bu qərarın təhlükəsizlik və digər bürokratik sahələrdə çalışan bütün məmurları əhatə edəcəyini bildirib. İraq Parlamenti daha öncə Kərkükdə və digər mübahisəli bölgələrdə əsgərlərin yerləşdirilməsi barədə qərar qəbul etdiyini açıqlamışdı.

İraq: kürd referendumunun keçirilməsində iştirak edən məmurlar işdən çıxarılacaq

 

İraq parlamenti kürd regionunun müstəqilliyi haqqında referendumun keçirilməsində iştirak edən məmurların və dövlət qulluqçularının işdən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sky News Arabia telekanalının yaydığı məlumata görə, sənəd, həmçinin referenduma cəlb olunmuş vəzifəli şəxslərə əməkhaqqı ödənilməsinin dayandırılmasını, həmçinin onların bütün imtiyazlardan məhrum edilməsini nəzərdə tutur. Parlamentdəki kürd fraksiyası onun sessiyalarını boykot edir və iclasa qatılmayıb. Bundan əvvəl deputatlar İraq Kürdüstanı rəhbərliyinin qanunsuz referendum keçirməsinə cavab olaraq kürd regionu ilə bütün sərhəd terminallarının bağlanması qərarına səs veriblər. Buna qədər isə mərkəzi hökumət onlardan aeroportlar da daxil olmaqla, sərhəd-keçid məntəqələrinin Bağdadın nəzarətinə verilməsini tələb ediblər.
Xatırladaq ki, İraq rəhbərliyinin və bir çox dövlətlərin, xüsusən Türkiyə və İranın kəskin etirazlarına baxmayaraq, kürd regionunun hakimiyyət orqanları referendum qərarından geri çəkilməyiblər. ABŞ və bir sıra Avropa ölkələri də hesab edirlər ki, hazırkı mərhələdə referendum keçirilməsi yolverilməzdir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

11:47