“Intel” fləşkart ölçüsündə neyron şəbəkəsi təqdim edib

 

 

Son zamanlar neyron şəbəkələri demək olar insan fəaliyyətinin bütün sahələrində tətbiq edilir. Elə təsəvvür yaranır ki, böyük istehsal gücü tələb edən bu texnologiya adi istifadəçilər üçün əlçatmazdır. Ancaq “Intel” şirkətinin “Movidius” adlı filialı “Neural Compute Stick” adlı qurğu təqdim edib. Adi fləşkart ölçüsündə bu qurğunun daxilində dərin kompüter təlimi funksiyasına malik güclü neyron şəbəkəsi fəaliyyət göstərir.

“Neural Compute Stick” qurğusu istənilən neyron şəbəkələrinin işlənməsi üçün proqramlaşdırıla bilər. Bundan başqa, o, kompüter və ya smartfonda mərkəzi prosessorun gücünü artıran sürətləndirici kimi istifadə edilə bilər. “Intel” şirkətinin rəsmiləri hesab edirlər ki, “Neural Compute Stick” neyron şəbəkələri və süni intellekt texnologiyalarını adi istifadəçilər üçün daha əlçatan edəcək. Qurğunun əsas komponenti “Myriad 2 VPU” vizual emal moduludur. “Movidius” şirkətinin baş direktorunun sözlərinə görə, "Neural Compute Stick qurğusu daxilində yerləşən “Myriad 2 VPU” modulu son dərəcə yüksək effektivlik təmin edir. Məhsuldarlıq 1 vatt enerji sərfiyyatı üzrə 100 qiqaflopsa bərabərdir. Bu, mobil telefon və planşetlərə real vaxt rejimində neyron şəbəkələri ilə işləməyə imkan verəcək. Nəticədə süni intellekt və neyron şəbəkələri bulud xidmətləri və böyük hesablama stansiyalarından asılı olmayacaq. “Movidius” şirkəti “Neural Compute Stick” qurğusunu 79 ABŞ dollarına təklif edir.

Xudaferin.eu
“Avropa Bürosu”

10:15