Gürcüstan hökuməti Qara dəniz hövzəsində neft axtarışına başlayır

 

 

Gürcüstan hökuməti Qara dəniz hövzəsində yeni neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı ilə əlaqədar beynəlxalq neft-qaz şirkətləri ilə danışıqlar aparır. Bunu jurnalistlərə Gürcüstanın Energetika Nazirliyi nəzdində Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Qoqa Tatişvili söyləyib.

O deyib ki, hazırda Amerika və Avropadan olan şirkətlərin rəhbərləri ilə danışıqlar aparılır. Danışıqlar başa çatdıqdan sonra birgə lisenziyalı bloklar yaradılacaq və tender elan olunacaq. Bildirilib ki, bir neçə il bundan əvvəl amerikan şirkəti Qara dənizdə yeni neft yataqlarının öyrənilməsi və kəşfiyyat işləri aparıb. Lakin görüləcək işlər üçün tələb olunan maliyyə vəsaiti nəzərdə tutulduğundan çox olduğu, həmçinin lisenziyanın vaxtı başa çatdığı üçün həmin şirkət Gürcüstan bazarını tərk etmişdi.

Geoloqların fikrincə ölkənin qərbindəki və şərqindəki iki neft mənbələri Gürcüstana məxsusdur. Hazırda 1500-dən çox müxtəlif tutumlu neft yatağının tapıldığı bildirilir.

Qoqa Tatişvilinin sözlərinə görə, hər il Gürcüstanda 50 min ton neft hasil olunur. Lakim bu neft işlənmədən, xammal kimi xaricə satılır.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

09:22