Gedişhaqları ilə bağlı gözlənilməz qərar olacaq

Ciddi bahalaşma dalğası gözlənilir; Metroda gedişhaqqının artırılması labüddür, desək yanılmarıq. Politika.Az xəbər verir ki, bu barədə rəy növbəti ilin büdcə layihəsində nəzərdə tutulan Bakı Metrosuna subsidiyaların azaldılması məsələsindən sonra yaranıb. Düzdür, adıçəkilən qurum bahalaşma xəbərini təkzib edir. Bakı Metrosunun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymət artımı ilə əlaqədar Tarif (qiymət) Şurasına müraciət edilməyib. N.Paşayev vurğulayıb ki, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Lakin Politika.Az təcrübəyə əsasən xatırladır ki, bahalaşma qərarları bu cür inkarlardan sonra da verilir. Dəfələrlə olub ki, qış tətilindən qayıtdıqda sürpriz bahalaşma qərarları ilə üzləşmişik. Bu, ictimai nəqliyyatda gedişhaqlarına da, yanacağın qiymətinə də aid olan qərarlar olub. Metroda gediş haqqının artırılmasına zəmin isə hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı. O zamandan olan gözləntilərin 2017-ci ilin yanvarında doğrulacağını deyə bilərik. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər. Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq. Onu da nəzərə alaq ki, Azərbaycanda ictimai nəqliyyat əsasən paytaxtda fəaliyyət göstərir və dolayısı ilə burada qiymətlər zəncirvaridir. Yəni metroda gedişhaqlarının artırılması nəqliyyatın digər növlərində də gedişharlarının artırılmasını labüd edir. Təsadüfi deyil ki, Bakı Nəqliyyat Agentliyi son dövrlər taksi fəaliyyəti ilə bağlı islahatlar aparır. Bu barədə Politika.Az-ın Analitik qrupu ayrıca yazı yazı hazırlayır. Hələlik isə onu qeyd etməliyik ki, ictimai nəqliyyatda gediş haqlarının artımı inflyasiyanı daha da sürətləndirəcək və bu, əhalinin güzəranına ciddi təsirini göstərəcək. Əgər nəqliyyatda gedişhaqları bahalaşacaqsa, bu, digər sektorlara da təsir göstərəcək. Bu, ərzaq məhsullarının qiymətində və digər istiqamətdə də bahalaşmanı gücləndirə bilər. Meyvə-tərəvəzin qiymətində çox ciddi bahalaşma proqnozlaşdırmaq mümkündür. Bütün bunları qeyd etməyimizin daha bir səbəbi odur ki, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir. Belə olan halda da metroda gediş haqqının bahalaşmasının istehlak qiymətləri indeksinə artırıcı təsiri çox olacaq. Onsuz da son dövrlərdə bazarlarda ciddi qiymət artımı var, əhali çətinlik içərisindədir. Belə bir vaxtda gedişhaqlarının artırılması vətəndaşların sosial durumunun daha da ağırlaşmasına səbəb olacaq.

Politika.Az

13:52