Əfqan Muxtarlı işi üzrə Tiflisdə 200 nəfər dindirilib

 

“10 iyun 2017-ci il tarixdən 11 iyun 2017-ci il tarixədək Gürcüstanda oldum və Əfqan Muxtarlının işi üzrə araşdırmamı davam etdirdim. Onun oğurlandığı yerdən, aparıldığı küçələrlə hərəkət etdim şəhərin, küçələrin və yolların təhlükəsizlik, rentgen, üz tanıyan və müşahidə kameralarının yerlərini müəyyən etdik və onların şəkillərini çəkdik”.

Bu barədə Əfqan Muxtarlının hüquqlarını Azərbaycanda müdafiə edən vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb. “Baxışımızı Lagodekhi Sərhəd Keçid Məntəqəsinə (Azərbaycan-Gürcüstan sərhədi- Bakıdan 470 kilometr şimal-qərb) qədər davam etdirdik. Bizləri jurnalistlər də müşahidə edirdi. Gürcüstan tərəfin sərhədçiləri ilə söhbət etdik və onlar bildirdi ki, həmin ərazidən qeyri-qanuni keçmək imkanı yoxdur, ərazi tamamilə müşahidə altındadır və bu fiziki baxımdan da mümkün deyil”, vəkil qeyd edib.

Vəkil iyunun 11-də təsadüfən Gürcüstanın kriminal polisləri ilə rastlaşdıq.

“Təsadüfən yolda avtomobil arxadan kriminal polisin avtomobilini vurdu. Avtomobildən düşənlərin belində tapança olması diqqətimi çəkdi və ətrafdakılardan onların kim olduğunu soruşdum. Bildirdilər ki, kriminal polisdir, avtomobil də kriminal polis qurumunun avtomobilidir, dövlət nömrəsidir. Şəkillərini çəkməyə icazə olub -olmadığını soruşdum. Ətrafdakılar bildirdilər ki, Gürcüstan demokratik ölkədir çəkə bilərsiniz. Mən də şəkillərini çəkdim. Bu gün şəkilləri Əfqan Muxtarlıya təqdim etdim və bildirdi ki, həqiqətən onlar kriminal polislərdir, onu oğurlayan avtomobilin də çox güman ki, modeli belə idi, avtomobil kriminal polisin avtomobilidir”, Sadıqov yazıb.
Vəkil həmçinin facebook səhifəsində rastlaşdığı criminal polis avtomobilinin fotolarını yayıb.

İyunun 13-də Əfqan Muxtarlının Gürcüstandakı vəkili Arçil Çopikaşvili Tiflis Şəhər Prokurorluğundan Tbilisi Şəhər Məhkəməsinə şikayət verib. Bu şikayət Gürcüstan prokurorluğunun Əfqan Muxtarlı və mənə zərərçəkmiş statusunun verilməməsi ilə bağlıdır. Bu barədə Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva facebook səhifəsində yazıb.

Gürcüstanda jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana gətirilməsi ilə bağlı açılan cinayət işi üzrə araşdırmalar davam edir. Gürcü müstəntiqlərin 200-dən artıq şəxsi dindirdiyi deyilir. Bu barədə həbsdəki jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib. Onun sözlərinə görə, Əfqan Muxtarlının gürcü vəkillərini cinayət işini araşdıran müstəntiqlər qəbul ediblər.

"Müstəntiqlər vəkillərə bildiriblər ki, 200-ə yaxın insan dindirilib. Lakin dindirilən şəxslər hadisədən xəbərsiz şəxslərdir. Polis 30 video görüntü üzə çıxarıb. Ancaq həmin görüntülərdə Əfqan Muxtarlının oğurlanmasına aid demək olar ki, hər hansı bir görüntü yoxdur", Mustafayeva bildirib.

Jurnalistin xanımı gürcü polisinin apardığı təhqiqatdan narazılığını ifadə edib. Onun qənaətincə, təhqiqat Ə. Muxtarlının oğurlanmasının araşdırılmasına yox, ört-basdır edilməsinə yönəlib. "Azərbaycan tərəfinin də bu hadisəni araşdıracağına heç bir ümidim yoxdur. Onlar bunun ancaq imitasiyasını apara bilər", Leyla Mustafayeva bildirib. O, Gürcüstan hökumətinin beynəlxalq qurumların, ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının bəyanatlarına məhəl qoymadığını ifadə edib.

Jurnalist Ə.Muxtarlının mayın 29-da saxlanıb. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Jurnalistin üzərindən 10 min avro pul tapıldığı iddia olunur. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ancaq Əfqan Muxtarlı məhkəmədə bu iddiaları yalanlayıb. O deyib ki, Tiflisdə saxlanıb, tutulanda işgəncəyə məruz qalıb və sərhəddə cibinə zorla 10 min avro qoyulub. Ə. Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

Amerikaninsesi.org

 

 

09:34