“Elmin zirvəsində - Gülnaz Abdullazadə” kitabının təqdimatı olub

 

 

Azərbaycan Bəstəkarlar İttifaqında əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru Gülnaz Abdullazadəyə həsr edilmiş Elmin zirvəsində - Gülnaz Abdullazadə kitabın (müəllifi Nuridə İsmayılzadədir)

kitabın təqdimatı olub. Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbir Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, akademik Vasim Məmmədəliyev çıxış edərək təqdimatı keçirilən kitabın Gülnaz Abdullazadə haqqında məhəbbət və səmimiyyətlə yazıldığını bildiriblər. Qeyd olunub ki, Gülnaz Abdullazadənin yaradıcılığı, elmi, pedaqoji və ictimai sahələrdə çoxcəhətli və məhsuldar fəaliyyəti milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynayır. O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında yaxından iştirak edir.

Kitabın müəllifi Nuridə İsmayılzadə bildirib ki, monoqrafiyada Gülnaz Abdullazadənin alim, pedaqoq, Bakı Musiqi Akademiyasının elmi və yaradıcılıq işləri üzrə prorektoru kimi fəaliyyətinin bütün sahələri təqdim edilir. Səkkiz fəsildən ibarət monoqrafiyada Gülnaz Abdullazadənin uşaqlıq illəri, elmi, pedaqoji, ictimai fəaliyyəti əhatə olunub. Həmçinin XXI əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafında Gülnaz Abdullazadənin rolu, tanınmış şəxslərin, elm, mədəniyyət, incəsənət xadimlərinin onun haqqında fikirləri əksini tapıb. Kitabdan pedaqoji və tədqiqat prosesində istifadə etmək olar. Təqdimat mərasimində Gülnaz Abdullazadənin fotolarından ibarət slaydlar nümayiş olunub və bəstələdiyi musiqilər səsləndirilib.

Xudaferin.eu

09:35