Doğu Almaniyada sağ radikalizm baş qaldırıb

 

Almaniyada sağçı radikalların cinayətləri və ksenofob çıxışları çox vaxt ölkənin şərqində baş verir. Bu hadisənin mahiyyətini anlamağa çalışan federal hakimiyyət orqanları bir qrup münxenli alimə həmin mövzu üzrə xüsusi tədqiqat aparmağı tapşırıblar. Alimlərin ötən ilin may-dekabr aylarında topladıqları məlumatlar əsasında hazırladıqları məruzə keçən həftə açıqlanıb.

Almaniya hökumətinin şərq əyalətlərinin inkişafı məsələləri üzrə müvəkkili İris Qlyayke məruzənin nəticələrini şərh edərək deyib: “AFR-in şərqindəki müəyyən bölgələrdə ksenofobiyaya və sağ radikal təfəkkürə tarixən təşəkkül tapmış meyil var və siyasi diskussiyalarda bu faktı nəzərə almamaq sadəcə mümkün deyil”.

Alimlər hesab edirlər ki, Almaniyanın bir sıra şərq regionlarında belə vəziyyətin nə üçün yarandığı barədə sualın cavabını tapıblar. Onların fikrincə, keçmiş Almaniya Demokratik Respublikası ərazisinin zəif iqtisadi inkişafı, əcnəbilərlə ünsiyyət çatışmazlığı və ksenofobiya arasında asılılıq var. Sosialist ölkəsinin komanda-inzibati sistemi şəraitində yetişmiş insanlar arasında “kollektiv aldadılma” hissi çox yayılıb. Bu isə o deməkdir ki, onlar lap əvvəldən özlərini qərb əyalətlərindəki həmvətənlərinə, habelə çox vaxt “sosial parazitlər” adlandırdıqları miqrantlara münasibətdə daha pis durumda hiss edirlər.

Məruzə müəlliflərindən biri Mixael Lyuman deyir ki, sosializm illərində “xalqlar dostluğu” təbliğ edilirdi, miqrantlar yalnız “qonaq” sayılırdı, onların ölkədə yaşaması müvəqqəti hesab edilirdi. Bu təsəvvür indiyədək şərq regionları sakinlərinin çoxunda qalıb. Əsasən Almaniya Vahid Sosialist Partiyasından formalaşmış Solçu Partiya Şərqi Almaniyada hüquqi ekstremizm barədə məruzəni kəskin tənqid edib. Partiyanın liderlərindən biri Katya Kippinq deyib ki, şərqi almanların ADR dövründə sosiallaşması barədə fikir “çox böyük mübaliğədir” və əslində, hazırda müşahidə olunan Almaniya cəmiyyətinin sağa dönüşünü əsla izah etmir.

Xudaferin.eu
“Avropa Bürosu”

14:32