Çikaqoda Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönüm törəni

 

ABŞ-ın Çikaqo şəhərində “GÜNAZ TV” kanalının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr edilmiş mərasim keçirilib.

Başda televiziyanın qurucusu və rəhbəri cənab Əhməd Obalı olmaqla Güney Azərbaycan Televiziyası (GünAz TV) kollektivi tərəfindən keçirilən mərasim 1918-ci il mayın 28-də böyük öndər Məhəmməd Əmin Rəsulzadə və digər silahdaşları tərəfindən qurulan Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümünə həsr olunub.
 

Bu törən həm də Əhməd Obalı tərəfindən 2004-cü ildə təsis edilən Güney Azərbaycan Televiziyasının növbəti ildönümünə təsadüf edir. Televiziya fəaliyyəti müddətində dünyanın müxtəlif bölgələri, Güney Azərbaycan və İranın digər məntəqələrində yaşayan türk xalqları üçün müxtəlif peyklər vasitələri ilə 24 saat yayımlanıb və bu rejimdə öz fəaliyyətini davam etdirməkdədir. Mərasim Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və Güney Azərbaycan Televiziyasının təsis edilməsinin növbəti ildönümünə həsr olunub.

Tədbirə Çikaqo və Amerika Birləşmiş Ştatlarının digər bölgələrində yaşayan 200-dən çox soydaşımız qatılıb. Onların əksəriyyəti Güney və Quzey Azərbaycan, Türkiyə və Kərkük türkləri olub. Mərasim “DoubleTree by Hilton Chicago” hotelində keçirilib. İlk öncə bütün iştirakçılar ayağa qalxaraq Azərbaycanın milli himnini oxuyublar. Bundan sonra Əhməd Obalı tribuna arxasına keçərək çıxış edib. O ilk öncə ingilis dilində Azərbaycan Xalq Cümhuriyyətinin özəllikləri barədə mərasim iştirakçılarına geniş məlumat verib, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulmasının tarixi əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətində söz azadlığı və insan haqlarının təmin edilməsi və qısa müddətdə görülən digər mühüm işlərdən bəhs edib.

“GünAz TV”-nin rəhbəri çıxışının digər hissəsində Azərbaycan Türkcəsində mərasim iştirakçılarına öz təşəkkürünü bildirib və hər zaman ulu öndər Məhəmməd Əmin Rəsulzadənin yolunun davam etdiriləcəyinə təkid edib. “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan üzərində dalğalandırdığı bayrağın daha heç zaman enməyəcəyini və Azərbaycan səmasında hər zaman dalğalanacağını deyən Ə.Obalı, gələn il Azərbaycan xalq Cümhuriyyətinin 100-cü ildönümü daha təntənəli şəkildə Çikaqoda qeyd olunacaq”- deyə vurğulayıb. Mərasimdə şam ziyafəti təşkil edilib, milli rəqslər və Azərbaycan musiqisi ifa olunub.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

19:10