“Biri var idi, biri yox idi...” sərgisində 15 rəssamın 100-dən artıq əsəri nümayiş etdirilir

 

Aylı gecədə ağacdan asılmış yelləncəkdə yellənən uşaq, bayramsayağı bəzədilmiş Yeni il yolkası, güllərin üzərinə qonmuş böcək, rəngbərəng lələkli tovuz quşu, mavi sularda üzən qızıl balıq, günəşə doğru uzanan günəbaxan çiçəkləri...

Rəssamlar İttifaqında keçirilən incəsənət sərgisində nümayiş olunan rəngkarlıq və tətbiqi sənət əsərlərinin hamısı olmasa da, bir qisminin mövzularını belə sıralamaq olar.

Rəssamlar İttifaqının himayəsi altında “HəArt” artkonsaltinq qrupunun həyata keçirdiyi "İncəsənətə HƏ" layihəsi çərçivəsində “Biri var idi, biri yox idi...” adlı sərginin açılış mərasimi keçirilib.

Mərasimdə Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov gənc rəssamların yaradıcılıq işləri, layihənin rəhbəri Könül Rəfiyeva onların indiyə qədər iştirak etdikləri xeyriyyə tədbirləri barədə danışıblar. Moldovanın ölkəmizdəki səfiri George Leuka, Fələstinin ölkəmizdəki səfirinin xanımı Ayu Sara gənc istedadlı rəssamlara yaradılan bu imkanı yüksək qiymətləndiriblər və onlara uğurlar arzulayıblar. “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru, sənətşünas Rəfael Gülməmmədov və başqaları çıxış edərək balaca rəssamların böyük sənət yolundakı ilk işlərini təqdir ediblər. Qeyd olunub ki, sərgidə 15 uşaq və yeniyetmə rəssamın 100-dən artıq rəngkarlıq və tətbiqi sənət əsəri nümayiş olunur. 
Sərgidə əsərləri nümayiş olunan gənc rəssamlara diplomlar təqdim edilib. Sonra mərasimə toplaşanlar salonda nümayiş olunan rəsm əsərlərini izləyiblər. Sərginin mövzusu nağıllara həsr edilib. Nağıllar uşaqları və böyükləri birləşdirən bir növ unikal, eyni zamanda, daim müxtəlifliyə can atması ilə paradoksal şəkildə bir-birinə oxşayan qeyri-adi aləmdir. Kiçik rəssamlar ziyarətçiləri incəsənətin sehrli dili ilə özlərinin “kiçik” dünyalarına, “nağıllar diyarına” səyahətə dəvət edirlər. O nağıllara ki, orada Cıtdan var, Məlikməmməd var, Qırmızıpapaq, Zümrüd quşu, div, yeddibaşlı əjdaha və ağ atlı oğlan var... Sərgi oktyabrın 25-dək davam edəcək.

Xudaferin.eu
“Bakı Bürosu”

09:26