“Astana-Arkau” Türk musiqi Festivalında azərbaycanlı musiqiçilər çıxış ediblər

 

Astana Milli Opera və Balet Teatrında “Astana Arkau” ənənəvi Türk Musiqisi Festivalı keçirilir. Festival hər il Astananın paytaxt elan olunmasının şərəfinə keçirilir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Türk Dünyasının inteqrasiyası konsepsiyasının reallaşdırılması çərçivəsində keçirilən festivalda Azərbaycan, Tuva, Xakasiya, Çuvaşstan, Baçşkortstan, Tatarstan, Saxa (Yakutiya), Altay, Özbəkistan, Qırğızıstan, Türkiyə, Monqolustan, Çin və digər ölkələrin musiqi qrupları iştirak edirlər. Festivala ənənəvi olaraq azsaylı türkdilli xalqların ifaçıları da qatılırlar.

“Astana Arkau”da iştirakçıların ifa etdikləri musiqi əsərləri həmin xalqların adətlərində və müxtəlif milli ayinlərində istifadə olunur. Azərbaycan ifaçıları festivalda ölkəmizin Qazaxıstandakı səfirliyinin və Uluslararası Türk Kültür və İrsi Fondunun təşkilatçılığı ilə iştirak edirlər. Azərbaycanın əməkdar artistləri Nurlan Növrəsli kamançada, Kamran Kərimov nağara və davulda, Arslan Növrəsli isə tar və udda ifa ediblər. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov musiqiçilərimizin festivalda uğurlu çıxışları barədə danışarkən deyib: “Bu musiqi əsərləri bizi üç min il əvvələ, tarixi və mədəni köklərimizə qədər aparır. Festival yüksək səviyyədə təşkil olunub. Bu, bizim ümumi sərvətimizdir və belə tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır”.

Xudaferin.eu
Qazaxtan, “Astana Bürosu”

09:30