Almaniyanın Hannover şəhərində soydaşlarımızın etiraz aksiyası

 

 

Almaniyanın Hannover şəhərində Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıları qətlə yetirməsi ilə bağlı etiraz mitinqi keçirilib. Aksiyada Hannover şəhərində yaşayan soydaşlarımız iştirak ediblər.
 

Hannover şəhərində fəaliyyət göstərən “Azərbaycan Dostluq Cəmiyyəti” və “Xəzər” Cəmiyyətinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, uluslararası birliyin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər. Bununla yanaşı, aksiya iştirakçıları iyulun 4-də ermənilərin hərbi təxribatı zamanı qətlə yetirilmiş Allahverdiyeva Sahibə İdris qızı və Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, Azərbaycanın minlərlə dinc sakininin Ermənistan silahlı qüvvələrinin atəşi altında yaşadığını vurğulayıblar.
Qeyd edək ki, Almaniyada yaşayan soydaşlarımız bu addımı atmaqla həm də bir daha milli təşkilatlanma siyasətinin nə qədər doğru yol olduğunu irəli sürüblər. Min dəfələrlə təəssüflər olsun ki, bu yöndə Azərbaycanın “Diaspor Komitəsi” illər boyu süni şəkildə bir sıra diaspor təşkilatları adına milli bütünlüyümüzə qarşı olmaqla sadəcə araqarışdıran insanlara daim önəm vermişdir. Bunun ən bariz örnəklərindən biri kimi İsveçin Malmö şəhərində olan prosesi göstərmək olar. Burada “Tribun” təşkilatının çevrəsində 185 nəfər soydaşımız birləşdiyi halda, başqa bir təşkilatda cəmi bir ailəni təmsil edən qrupu dəstəkləmişdir. Beləliklə də Malmö şəhərində soydaşlarımızın əsas gücü daim kölgədə saxlanılmışdır. Bu fakt demək olar ki, Avropanın bütün dövlətlərində müşahidə olunub. Əgər 15 il bundan öncə Diaspor Komitəsi ayır-buyur siyasəti aparmasaydı, bu gün ölkəmizin milli maraqlarına görə ən azından yüzminlərlə soydaşlarımız bütün Avropanı lərzəyə sala bilərdilər.

Xudaferin.eu
“Avropa Bürosu”

 

 

11:02