Əziz Orucovun məhkəməsinin vaxtı bilinmir

 

 “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən mühakiməsinin nə vaxt davam edəcəyi bəlli deyil.

Jurnalistin noyabrın 10-na təyin edilən məhkəməsi hakimlərdən birinin səhhəti pisləşdiyi üçün baş tutmayıb. Hakim proses öncəsi təcili xəstəxanaya yerləşdirilib. Məhkəmənin nə vaxt davam edəcəyi hələ ki, açıqlanmayıb. Jurnalistin həyat yoldaşı Lamiyə Orucova  deyib ki, məhkəmə istintaqı yekunlaşmaq üzrədir, bütün şahidlər dindirilib. Xanımı bildirib ki, Əzizin böyrəyində problem olduğundan təzyiqi arabir narahatlıq yaradır, onu da xalq təbabəti üsuluyla aradan qaldırmağa çalışır: “Heç bir dərmandan istifadə etmir”.

Əziz Orucovun məhkəməsi oktyabrın 10-da başlayıb. Jurnalistin hüquqlarını vəkillər Cavad Cavadov və Əlibaba Rzayev müdafiə edirlər. Proses hakim Mirzə Xankişiyevin sədrliyi ilə aparılır.

Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Sonra ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. İstintaq orqanı Əziz Orucovu dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilir. Direktorun həbsindən az sonra “Kanal 13” fəaliyyətini dayandırıb.

 

Azadliq.info

 

11:01