Trampın ərəb “sevgisi”: İlk səfərin pərdəarxası

 

Sədrəddin Soltan: “ABŞ və Səudiyyə Ərəbistanı arasındakı narazılıq aradan qalxdı”

ABŞ-İran münasibətlərində gərginlik son günlər yenidən artmağa bağlayıb.Xatırladaq ki, ABŞ-ın dövlət katibi Reks Tillerson İranın ünvanına sərt tənqidlər səsləndirib.Dövlət katibi İranı nüvə proqramında ittiham edərək terrorizmi maliyyələşdirən ölkə adlandırıb. Onun sözlərinə görə, İran hökuməti təxribatçı fəaliyyəti davam etdirir: "İran siyasəti bizdən təhlükə ilə mübarizə aparmağı tələb edir. İrandan gələn bu təhlükə isə çox saydadır".

Dövlət katibi çıxışında İranı “təkcə ABŞ-a yox, həm də bütün dünyaya təhlükə” adlandırıb.Onun sözərinə görə, Suriya, Yəmən, Livanda terrorizmi maliyyələşdirən İran İsrailə hücumları da dəstəkləyir.İranı “terror ixrac edən ölkə” adlandıran Tillerson Bəşər Əsədə yardım edən ən böyük güclərdən birinin də məhz İran olduğunu vurğulayıb. Tillersonun bu çıxışını ekspertlər İran siyasətində Obama hakimiyyətindən fərqli olaraq kəskin dönüş kimi xarakterizə ediblər. Eyni zamanda, Misirə səfər edən ABŞ müdafiə naziri Ceyms Metts İranı bölgə üçün təhlükə adlandırıb. Bu arada ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına rəsmi səfər edəcəyi məlum olub.
Qeyd edək ki, Donald Trampın sələfləri Barak Obama və Corc Buş özlərinin ilk rəsmi səfərini Kanadaya edib.Ancaq prezident Trampın xarici səfər proqramına ilk olaraq Səudiyyə Ərəbistanını daxil etməsi Amerikanın xarici siyasətində Yaxın Şərq məsələsinin əsas prioritet olacağını göstərir.Çox güman ki, ABŞ prezidentinin Səudiyyə kralı ilə İranın Yaxın Şərqdə, o cümlədən Ərəbistan yarımadasındakı son siyasəti, fəaliyyəti, eləcə də Suriya böhranının həlli məsələsi müzakirə ediləcək.

Məsələni şərh edən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Donald Tramp İranla 2015-ci ildə nüvə proqramına dair imzalanmış sazişə tənqidi yanaşır. Prezident seçildikdən sonra İrana qarşı sanksiyaları yenidən gündəmə gətirən D.Tramp Tehran rejimini beynəlxalq terrorçuluğun himayədarı adlandırıb: “İran nüvə proqramına dair sazişin bir sıra şərtlərinə əməl etsə də terrorçuluğun himayəsi və ballistik raketlərin sınağı məsələsində razılaşmadan kənara çıxır. Ona görə də İrana qarşı yenidən sanksiyalar tətbiq edildi.Bunun əsas səbəblərindən biri də İranın Suriya, İraq, Yəmən və Bəhreyn məsələsində tutduğu mövqe ilə bağlıdır.İran həmin dövlətlərin ərazisində Qərbə qarşı mövqe tutub.Suriya da Rusiya ilə birgə hərəkət edir, Yəməndə Husi üsyançılarını dəstəkləməklə parçalanmanı dərinləşdirir, bölgədəki ərəb dövlətlərinin daxili işlərinə müdaxilə edir.İranla nüvə proqramına dair razılaşmadan narazı qalan dövlətlərdən biri İsrail idisə, digəri Səudiyyə Ərəbistanı idi.Ona görə də iki dövlət arasındakı münasibətlərdə narazılıq yaranmışdı.İndi prezident Trampın Səudiyyə Ərəbistanına səfər etməsi həmin narazılığın aradan qalıdırılması üçün bir jestdir. Səudiyyə Ərəbistanını 2001-ci il 11 sentyabr terror aktını maliyyələşdirməkdə də ittiham edirlər. Hətta belə xəbərlər də yayıldı ki, Amerika Səudiyyə Ərəbistanının 11 sentyabr olaylarında iştirakı ilə bağlı sənədləri açarsa, Səudiyyə dövləti ABŞ iqtisadiyyatına yatırdığı milyardlarla dollar sərmayəni çıxaracaq. Trampın Ər-Riyada səfəri də ABŞ-ın Səudiyyə Ərəbistanı ilə anlaşdığını göstərir.Trampın Səudiyyə Ərəbistanına səfəri bir neçə istiqamətdən qənaətə gəlməyə əsas yaradır. Səudiyyə Ərəbistanı ABŞ-ın müttəfiqi olaraq qalır. Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yaranmış narazılıq aradan qalxıb. Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi baş verməyəcək. Səudiyyə Ərəbistanı ABŞ-ın bölgədəki rəqiblərinə qarşı əsas alternativ olaraq qoyulacaq.Nəhayət, Səudiyyə Ərəbistanı ABŞ üçün ərəb dünyasının lideri olaraq qalmaqdadır”.

Sədrəddin Soltanın sözlərinə görə, bir ərəb dövləti olaraq Suriyada müharibənin sona çatdırılması və bu ölkənin Əsəd rejimindən sonrakı siyasi taleyi həm Vaşinqton, həm də Ər-Riyadın maraq dairəsinə daxildir. Eyni zamanda, Suriyada Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi silahlı dəstələrin olmasına dair məlumatlar var. Bununla yanaşı, Suriyanın gələcəkdə ərazi bütövlüyü məsələsi ABŞ-la Səudiyyə Ərəbistanı arasında ciddi müzakirə predmeti ola bilər.

Müşfiq Abdulla

Cebhe.info

 

19:18