Tiflisdə Şuşanın işğalının 25-ci ildönümü anıldı

 

Gübcüstanın başkəndi Tiflisdəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Kültür   Muzeyində “Şuşasız 25 il: Azərbaycan və Gürcüstanın işğal olunmuş əraziləri” mövzusunda tədbir keçirilib.
 

İvane Cavaxişvili adına Tifls Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycanın Dostları Klubu”nun və “Borçalı” Gənclər Təşkilatının birgə təşkil etdikləri tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, tələbələr, Tiflisdəki 64 saylı orta məktəbin şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Şuşa şəhərinin, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra o, müxtəlif dövlətlərin əlində alətə çevrilmiş ermənilərin Azərbaycan və Gürcüstan ərazilərində törətdikləri cinayətlərdən söz açıb. Azərbaycanlı və gürcü gənclərin tariximizi öyrənmələrinin vacibliyi qeyd edilib.

“Azərbaycanın Dostları Klubu”nun əlaqələndiricisi Leyla Əmrahova, “Borçalı” Gənclər Təşkilatının sədri Elmar Novruzov, Azərbaycanın Tiflisdəki səfirliyin əməkdaşları Vüqar Mustafayev, Anar Hidayətov, tələbələrdən Təmkin Nağıyev, 64 saylı məktəbin müəllimi Abhəyat Qurbanova, “Xeber.ge” saytının rəhbəri Amil Hacıyev və başqaları çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və acı nəticələri, eləcə də erməni-daşnak silahlı birləşmələrinin Azərbaycanda və Gürcüstanda törətdikləri qanlı cinayətlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bir il bundan öncə tarixə dörd günlük savaş  kimi düşmüş aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan istənilən vaxtda silah gücünə öz torpaqlarını azad etməyə qadirdir. Lakin Azərbaycan yenə də dözüm və sülhsevərlik nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışır. Çıxışlarda tələbələrin və şagirdlərin Azərbaycan və Gürcüstan tarixini, mədəniyyətini dərindən öyrənmələrinin vacibliyi vurğulanıb.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

09:31