Təbrizlilər imza toplayır: Milli Dağçılıq Günü

 

Güney Azərbaycanın başkəndi Təbrizdə çox sayda insan imza toplayaraq 19 mayın ölkədə Milli Dağçılıq Günü kimi qeyd olunmasını tələb ediblər.

Soydaşlarımız imzaladıqları kağızda Nepalın Lhotse zirvəsini mayın 19-da fəth edən Əzim Qeyçisazın əldə etdiyi uğura işarə edərək bu önəmli günün tarixə düşməsini istəyiblər. Bu müraciət eyni zamanda İran Gənclər və İdman naziri Məsud Sultanifərə ünvanlanıb: “Qəhrəman Azərbaycan əhalisi dağçılıq idmanını təbliğ etmək məqsədi ilə ölkə tarixinin ən güclü dağçısı olan Əzim Qeyçisaza hörmət əlaməti olaraq 19 mayın ölkənin rəsmi tarixində qeyd olunmasını istəyir”.

Xatırladaq ki, Əzim Qeycisaz Himalay zirvələrini fəth edən məşhur dağçı mayın 19-u saat 12:22-də Lhotse zirvəsinə qalxaraq Dünya Dağçılıq Səkkizminliklər Klubuna qoşulmağı bacarıb.

Azərbaycanlı alpinist mayın 31-də doğma şəhəri Təbrizə dönərkən hava limanında çox sayda soydaşımız tərəfindən alqışlarla qarşılanıb. O, əhaliyə təşəkkür edərək qazandığı medal və əldə etdiyi uğurları bölgə əhalisinə həsr etdiyini bildirib. Ə.Qeyçisaz bu nailiyyətdən sonra dünyanın 8 min metrdən yüksək olan 14 zirvəsini oksigen balonu olmadan fəth edən 17-ci dağçı olub.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:16