Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu

 

Türkiyə mediasında və sosial şəbəkələrdə 131 min 746 nəfər Suriya vətəndaşının Türkiyə universitetlərinə imtahansız yerləşdirildiyi barədə xəbərlər yayılıb. Məlumatlarda qeyd olunur ki, tələbə adı qazanmış həmin suriyalılara Türkiyə pulu ilə 800 TL təqaüd də veriləcək. Digər tərəfdən bu il 500 nəfər Azərbaycan vətəndaşı Türkiyə universitetlərində təqaüdlə oxumaq üçün müraciət edib. Onlardan yalnız 71 nəfərinə təqaüd qazanmaq üçün müraciətin növbəti mərhələsində iştirak imkan verilib. Xatırladaq ki, sözügedən 71 tələbənin əksriyyəti Azərbaycanda fəaliyyət göstərən Anadolu litseyi və Dəyanət Vəqfi məktəbinin yetirmələri olan türk vətəndaşlarıdır. Digərlər tələbələrin müraciətləri rədd edilib. Bu da azərbaycanlı gənclərin yolunu Türkiyədən Avropaya və bəzən də MDB ölkələrinə doğru yönəldir.

Türkiyə qanunvericiliyinə görə, bu proses hansı şəkildə həyata keçirilməlidir? Azərbaycanlıların Suriya vətəndaşlarına verilən güzəştlərdən məhrum edilməsi qanunda təsbit olunubmu, yoxsa suriyalılar üçün bu cür üstünlüklərin tanınmasında hansısa siyasi məqamlar var?  Azərbaycanda Türkiyə universitetlərinə və Türkiyə təhsil sisteminə həm dövlət, həm də toplum səviyyəsində yüksək maraq olduğunu nəzərə alaraq, Xeber365.com məsələni aydınlaşdırmağa çalışıb. Araşdırmamız nəticəsində məlum olub ki, Türkiyədə xarici vətəndaşlara təqaüd verilib-veriməməsini YTB - yəni Türkiyə Baş naziri yanında xarici ölkələrdə yaşayan türk vətəndaşları və əqraba (qohum) topluluklar Mərkəzi adlanan qurum müəyyən edir. Qurumun adından da göründüyü kimi, Türkiyə universitetlərinə müəyyən olunmuş qaydalar çərçivəsində güzəştlə yalnız xarici ölkələrdə yaşayan türklər və türk millətinə qohum olan millətlər qəbul oluna bilər. Təcrübədə bu mexanizm qanunvericilikdə nəzərdə tutulduğu kimi həyata keçirilib.

Türkiyənin Anadolu Universitetinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mustafa Çağatay Tok bildirib ki, əvvəllər Suriya kimi ölkələrin vətəndaşları təqaüd almaq üçün böyük istedada, biliyə sahib olmalı idilər: “Mən 14 ildir ki, bu universitetdə çalışıram. Son zamanlara kimi universitetlərimizdə təqaüd qazanan Suriya, yaxud digər ərəb ölkələrinin vətəndaşlarına çox az rast gəlmişəm. Bu imkandan, əsasən, türk dövlətlərinin vətəndaşları və xaricdə yaşayan soydaşlarımız yararlanırdı. Digər kateqoriyaya daxil olanlar da Türkiyə üçün maraqlı olmalı idilər”.

Görünür, Suriya vətəndaşları Türkiyə hökumətində bu marağı toplu olaraq yarada biliblər. Türkiyə vətəndaşları Ərdoğan hökumətini, məhz, bu “marağ”ından dolayı sərt tənqid edir. Sosial şəbəkələrdə yazılan tənqidlərdə, əsasən, hökumətin bu gedişlə seçkidə milyonlarla Suriya vətəndaşının səsini qazanmağı və ərəb ölkələrində nüfuz sahibinə çevrilməyi hədəflədiyi qeyd olunub.

Təhsil eksperti Etibar Əliyev Suriya vətəndaşlarına tanınan bu üstünlükləri Suriyada davam edən hərbi vəziyyətlə əlaqələndirsə də, eyni həssaslığın hətta Qarabağ münaqişəsi zamanı Azərbaycan vətəndaşlarına göstərilmədiyini bildirib: “Düşünürəm ki, bu, Türkiyə tarixində ilk dəfədir ki, baş verir. Heç man belə bir rəqəmə rast gəlməmişdim. Zənnimcə, bu, Suriyadakı vəziyyətlə əlaqədardı. Türkiyə təhsil almaq imkanını itirmiş Suriya vətəndaşlarına jest eləyib. Lakin, təəssüf ki, bizim vətəndaşlarımız üçün çox az yer ayrılır. Bu proses hətta Azərbaycan müharibə vəziyyətində olanda da dəyişməyib”.

Ekspert hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycan vətəndaşlarının Türkiyə universitetlərində təhsil alması çox vacibdir: “Türkiyədə təhsil alan savadlı həkimlərimiz, mühəndislərimiz və digər sahələr üzrə mütəxəssislərimiz var. Onlar ölkə üçün çox faydalıdır. Azərbaycanın gələcək inkişafına böyük töhfə verə bilərlər. Buna görə də Azərbaycan dövləti vətəndaşlarının Türkiyə universitetlərində təhsil almasında maraqlı olmalıdır. Öz növbəsində Türkiyə də bunun təmin edilməsi üçün müəyyən güzəştlər etməlidir”.
Ekspert Kamran Əsədov bildirib ki, Türkiyənin rəsmi qurumlarının məlumatlarına görə, hazırda Türkiyədə təhsil alan əcnəbi tələbələr arasında sayına görə birinci yerdə azərbaycanlılar gəlir – 15036 nəfər. Daha sonra suriyalı (14765 nəfər), türkmənistanlı (10642) tələbələr yer alır.

“Əlbəttə ki, digər ölkələrlə müqayisədə suriyalı tələbələrin maddi durumu ortadadır. Türkiyə hökuməti onları məhv olmaqdan xilas edir. Amma vacib bir nüansı qeyd edim ki, bu qədər tələbənin təhsil haqqını və təqaüdünü Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatı ödəyəcək. Bu qurumlar Türkiyə qarşısında öhdəlik götürüb”.

Ekspert Suriya vətəndaşlarının universitetlərə qəbul olunmasını müsbət hal kimi xarakterizə etsə də, bunun gələcəkdə bəzi problemlər yarada biləcəyini də istisna etmir:

“Hesab edirəm ki, bu proses həyata keçirilən zaman tələbə adını qazanmış şəxləri imtahan nəticələri əsasında qəbul etmək lazımdır. Türkiyə təhsili dünyada öndəgedən təhsil sistemlərindən hesab olunur. MDB ölkələrindən fərqli olaraq, Türkiyə təhsilində rüşvət və korrupsiya halları yoxdur. Lakin zəif bilik və bacarıqlara malik olan şəxslərin qəbul edilməsi gələcəkdə müəyyən problemlər yarada bilər”.

Xeber365.com

 

17:23