Ərşad Salihi: “Kərkükdə Türkman varlığını dəyişdirməyə imkan verməyəcəyik.

 

Bu barədə Türkmaneli Cəbhəsinin lideri Ərşad Salihi böyük bir açıqlama verib

“Kərkükdə kürd siyasi partiyaları bayraq böhranı yaradıblar və bununla da fitnəni başladıblar. Təktərəfli qərarlar və əmrlərlə Türkman varlığını Kərkükdən silmək olmaz. Bu cür mövqelər sayəsində tərəflər arasında yalnız ölümlər olacaq. Kərkükün təhlükəsizliyi üçün birgə yaşamalıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə Kərkük valiliyi şəhərdə İraqın rəsmi dövlət bayrağı ilə yanaşı, bölücü kürd dəstələrinin bayraqlarının da asılması haqqında qərar qəbul edib. Bu, Türkmanların və ərəblərin etirazına səbəb olub. Üstəlik, qondarma “Quzey İraq Kürd Muxtar Vilayəti” yenidən Kərkükün öz ərazisi olduğunu iddia etməyə başlayıb. Hazırda bölgə de-yure Bağdada, de-fakto isə Ərbilə tabedir.

Belə ki, şəhərin kürdlərin tabeliyinə keçməsi İŞİD-in bölgəyə hücumlarından sonra başlayıb. Əməliyyatlar başa çatana qədər ərazini müdafiə edəcəyini söyləyən Ərbil buraya indiyə qədər İraq əsgərlərini buraxmır.

İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.
Onu da qeyd etmək gərəkdir ki, 1923-cü ildə İraqı tamamilə işğal edən ingilislər burada daim Türkün milli varlığını inkar edən siyasət aparıblar. Bu siyasət sonradan keçmiş SSRİ tərəfindən qurulan BƏƏS (Ərəb Milliyyətçi Sosialist Partiyası) rejimi tərəfindən bir dövlət siyasətinə çevrilib. İraqda yaşayan 3 milyonluq Türkman əhalisinin inkarı diktator Səddam Hüseyn rejimi devrildikdən sonra, başda ABŞ olmaqla bölgədə yaradılan saxta “Quzey İraq Kürd Muxtariyyəti”nə dəstək verilməklə davam etdirilir.

Xudaferin.eu
“Orta Doğu Bürosu” 

06:33