Qarabağdakı ermənilərə ən yüksək status veriləcək - Azərbaycan vətəndaşlığı

Ekspert: “Xankəndində yaşayan ermənilərin mer seçkisində namizədi ola bilər”

Qarabağda yaşayan ermənilərin statusunun necə olacağı barədə söz-söhbətlər, müzakirələr səngimək bilmir. Bu məsələyə artıq vergül yox, nöqtə qoymaq zamanıdır. Çünki ermənipərəst dairələrin iddiaları artmağa, ürək bulandırmağa başlayır. Halbuki Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı da aydın şəkildə bəyan etdi ki, Qarabağın müəyyən hissəsində yaşamaq istəyən ermənilərə Azərbaycan vətəndaşı kimi bütün hüquqları veriləcək. Yəni ermənilərə bundan yüksək status yoxdur. Niyə də 40-50 min erməni digər etnik millətlərdən fərqli olaraq xüsusi statusa malik olmalıdır?!

Azərbaycanda ermənilərdən çox ruslar, talışlar və digər millətlər yaşayırlar, bütün insanlar bu ölkənin vətəndaşıdır, eyni hüquqlara sahibdirlər. Ona görə də Xankəndində və başqa yerlərdə qalacaq ermənilərə Azərbaycan vətəndaşlığından ali status verilməsi olmayacaq. Neçə illərdir xəstə ideyanın, yalançı “dövlət quruculuğunun” girovuna çevrilmiş ermənilərə bundan yaxşı nə status ola bilər ki? Ümumiyyətlə, bu mövzu sosial mediada daha çox müzakirə edilir. Hətta bəzi azərbaycanlılar gələcəklə bağlı son dərəcə pessimistdirlər, problemin kökündən həll olunmadığını, Dağlıq Qarabağda ermənilərə qarşıdakı illərdə hansısa status verilə biləcəyini düşünürlər. Eyni zamanda bəzi ermənipərəst rus media orqanları xəbərlər yayırlar ki, guya onlara Rusiya pasportu paylanacaq, ərazi “anklava çevriləcək” və sair... Halbuki tək reallıq var - Azərbaycan pasportu ilə bizim vətəndaş kimi yaşamaq,  qanunlarımızı qəbul etmək və daha yaxşı rifah, daha yaxşı həyat...

Azər Badamov: “Qanuna telefonun sinfə girişini qadağan edən maddə əlavə  olunsun”

Azər Badamov

Bu mövzuda fikirlərini bölüşən deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağın taleyi üçtərəfli bəyanatda öz həllini tapıb. Onun sözlərinə görə, həmin bəyanatda Qarabağın heç bir statusu nəzərə alınmır. Deputat hesab edir ki, Dağlıq Qarabağda qalmaq istəyən ermənilər Azərbaycanın digər vətəndaşları kimi həyatını qurmalıdırlar. “Hazırda Rusiya sülhməramlıları orada fəaliyyət göstərir və bölgənin təhlükəsizliyini təmin edir. Ancaq o demək deyil ki, onlara hansısa status veriləcək, müstəqillik tanınacaq, ayrıca bir muxtariyyət olacaq. Bu iddialar və söhbətlər kökündən məntiqsiz ifadələrdir. Sadəcə, Paşinyan hakimiyyəti devrilmək üzrədir və Ermənistan iqtidarı, o cümlədən digər qüvvələr status məsələlərini ortaya atmaqla erməniləri sakitləşdirməyə, aldatmağa çalışırlar”, - deyə A.Badamov vurğuladı.

Deputatın fikrincə, Azərbaycanın torpaqları işğaldan azad edilib, üçtərəfli bəyanatda hər hansı status məsələsi dilə gətirilməyib, Ermənistan hərbi kapitulyasiyasına imza atıb: “Bu sənəddə Qarabağın gələcək taleyi öz əksini tapıb. Ona görə deyilən fikirlərin heç bir əsası yoxdur. Qarabağdakı ermənilər çoxmillətli ölkə olan Azərbaycanda hamı kimi vətəndaşlarımız olacaqlar, qanunlarımızla yaşayacaqlar.

Eyni zamanda Xankəndi və digər rayonlar da inzibati Azərbaycan ərazisi kimi fəaliyyət göstərəcəklər. Odur ki, gələcəkdə hər hansı status vədi erməni əhalisini aldatmağa hesablanıb".

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

Deputat qeyd etdi ki, Prezident Azərbaycanın mövqeyini tam ifadə edib, heç bir status olmayacağını Cəbrayıl şəhərinin mərkəzində söyləyib və insanlar yalnız dövlət başçısının sözlərinə inansınlar. REAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın döyüş meydanında əldə etdiyi hərbi qələbələrdən sonra çətin diplomatik danışıqlar uzun müddət davam edəcək. Onun fikrincə, ermənilərə status məsələsi həm ATƏT-in Minsk Qrupu, həm Rusiya tərəfindən tez-tez gündəmə gətirilə bilər: “Amma buna hazır olmalıyıq. Məsələnin ən yaxşı həlli yollarından biri yeni konstitusiyanın qəbul olunmasıdır. Bu halda yerli özünüidarəetmə forması yaradıla bilər. Məsələn, mer seçkiləri tətbiq etməklə problemi həll edə bilərik. Onsuz da Avropa Şurası qarşısında öhdəliyimiz var, bu səbəbdən yerli özünüidaretməni gücləndirməliyik”.

N.Cəfərli hesab edir ki, yeni qaydaların tətbiq olunması ən yaxşı yoldur: “Tutaq ki, Xankəndində yaşayan ermənilərin mer seçkisində öz namizədi ola bilər, hətta seçilməsi mümkündür. Bununla da status məsələsi həllini tapmış olacaq. Ona görə biz danışıqlarda mütləq şəkildə yerli özünüidarəetmə məsələsini gündəmə gətirməliyik, yeni hüquqi baza yaratmalıyıq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Xarici işlər nazirinin müavini Andrey Rudenko danışıqların gələcəyi ilə bağlı bəzi detalları diqqətə çatdırıb. “Dağlıq Qarabağın statusunun müəyyənləşməsi üçün təxmini vaxt müəyyən edilməyib. Bundan başqa, rəsmi Bakının Qarabağa xüsusi status verməmək niyyətinin münaqişədə yeni gərginliyə yol açmayacağına ümid edirik. Həmçinin Ermənistandakı daxili qeyri-stabilliyin Qarabağ razılaşmasının pozulmasına səbəb olmayacağını düşünürük”, - deyə bildirib.

“Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu nizamlanmayıb, biz bugünkü ”status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik". Bu fikirləri isə Rusiya prezidenti Vladimir Putin “Rossiya 24" telekanalının efirində söyləmişdi. Rusiya prezidenti əlavə edib: ”Sonra nə olacaq - bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər. Lakin fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistan, məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu, Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq".

Bu arada Rusiya KİV-nin məlumatına görə, Dağlıq Qarabağın “müstəqilliyinin tanınması” barədə qətnamə Fransa Senatına daxil olub. Bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında xəbər verilir. Layihəni müxtəlif fraksiyaları təmsil edən 5 senator - Bryuno Retayo (respublikaçılar qrupunun rəhbəri), Patrik Kanner, Erve Marsel (lSentristlər ittifaqı» qrupunun rəhbəri), Elian Assasi və Qiyom Qotar irəli sürüb. Əslində bu hərəkəti ilə Fransa parlamenti ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq, bu beynəlxalq təşkilatın nüfuzunu ələ salmış olur və ötən illər ərzində onun fəaliyyətini sabotaj etməklə beynəlxalq səviyyəli təxribata baş vurduğunu ortaya qoyur.

Xudaferin.eu

11:58