Polis kirayə mənzillərə də girəcək: Parlament qanunları sərtləşdirir

 

Elnur Rüstəmov: “Bu cür hallar kiminsə həyatına təhlükə yaratmırsa, ictimai asayişi pozmursa...”

Vidadi Mirkamal: “Bu dəyişikliklərin qəbulu üçün cəmiyyət də prosesə hazır olmalıdır”

Azərbaycanda yaxın günlərdə daha bir yenilik gözlənilir. Milli Məclis inzibati Xətalar Məcəlləsinə dəyişikliklər edəcək. Dəyişiklikdə fahişəliklə məşğul olan şəxslərin fəalliyyətinin məhdudlaşdırılması nəzərdə tutulur. Maraqlıdır, gözlənilən dəyişikliklər nədən ibarət olacaq? Sistemli olaraq prosesə nəzər yetirək: Hazırda AR CM-nin 244-cü maddəsinə (əxlaqsızlıq yuvaları saxlama) görə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə, 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri, yaxud da 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, yaxud qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər sözügedən qanun layihəsi qəbul olunsa, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cərimələrin miqdarı 2 500-dən 3 500 manatadək artırılacaq. Parlamentarilər qumarxana təşkil etmə və saxlamaya görə də cərimələri sərtləşdiriblər. Bu dəyişikliklərə görə sözügedən cərimələr 10 mindən 15 min manata qədər artırılacaq. Göründüyü kimi hökumət digər sahələrdə olduğu kimi fahişəliklə bağlı da qanunu sərtləşdirmək, cərimələri artırmaqla həm də dövlət büdcəsini doldurmağa çalışacaq. Bu inkaredilməz amildir. Öncələr bu istiqamətdə qanunlar müəyyən mənada formal mahiyyət daşıyırdısa, o qədər də ciddi mexanizm tətbiq edilmirdisə, hökumət maraqlı olduğu üçün yeni dəyişikliklərlə heç şübhəsiz ki, ciddi nəzarət mexanizmi hazırlanacaq. Bu isə insanların şəxsi həyatına birbaşa olaraq müdaxilə deməkdir. Əlbəttə, açıq seks, sərbəst intim həyat tərənnüm edilə bilməz. Bu bizim milli-mental dəyərlərimizə də ziddir. Azərbaycan da bir müsəlman ölkəsidir, digər islam ölkələrində olduğu kimi ölkəmizdə də fahişəlik leqallaşa bilməz. Bu böyük ictimai qınağa səbəb ola bilər. Lakin bu istənilən mənada insanların şəxsi həyatlarının məhdudlaşıdırılması anlamına gəlməməlidir.

 

“İnsanın istək və arzularını məhdudlaşdırmaq düzgün deyil”

Psixoloq Elnur Rüstəmov da bu qənaətdədir. Psixoloqun sözlərinə görə, söhbət insan hüquqlarından, istək və arzularından gedirsə, onu məhdudlaşdırmaq düzgün deyil. Təbiətən azad yaranan insan üçün bu cür istəklərin məhdudlaşdırılması yolverilməzdir. Əlbəttə, zorakılıq, insan alveri, cinsi istismar istisnadır. Bu gün sosial-iqtisadi problemlər fonunda insanların siyasi aktivliyi məhdudlaşdırılır, intim fəaliyyətlərinə ciddi nəzarət mexanizmi tətbiq edilir. Bu isə heç şübhəsiz ki, son zamanlar ölkədə artmaqda olan arzuolunmaz hadisələrin sayına təsir edir. İnsanlar istər siyasi olsun, istərsə də intim hisslərini ifadə edə bilmirlər. E.Rüstəmovun sözlərinə görə insanların şəxsi həyatlarına bu cür müdaxilələr düzgün deyil. Əslində həmsöhbətimizin də bu həsas mövzuya yanamşası bizim üçün birmənalı deyil. Yəni fahişəliyin qəbulu, bunun məhdudla, şıdırılması istiqamətində müəyyən qanunlar hazırlanması ölkə, daha böyük uçuruma yuvarlayar. Bununla yanaşı, qanunların da sərtləşdirilməsi müsbət addım kimi qəbul edilmir:  “Bir tərəfdən insan hüquqlarından söhbət gedir. 18 yaşdan yuxarı şəxslər sərbəst münasibət quraraq kiminləsə könüllü sürətdə görüş təyin edirlər. Bu şəxslərin intim həyatlarına müdaxilə etmək düzgün deyil. Təbii ki, bu cür hallar kiminsə həyatına təhlükə yaratmırsa, ictimai asayişi pozmursa, düşünürəm ki, burada heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Sadəcə olaraq Azərbaycanda etnopsxiologiya, milli mentalitet, dəyərlər daha üstündür. Bu dəyərlər sistemini qorumaq istiqamətində İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişiklik nəzərdə tutulur. Biz qloballaşan dünyada yaşayırıq. Azərbaycana günü-gündən turist axını artır. Bu səbəbdən ölkədə qanunların da möhkəmləndirlməsinə ehtiyac var”. Maraqlıdır ki, bu qanun ölkə daxilində hər kəsə tətbiq ediləcək. Yeni dəyişikliklər otelə cüt olaraq daxil olan istənilən şəxsə aid olacaq. Yəni, həmişəki kimi Avropa ölkəsində yenə də sizdən nikah haqqında şəhadətnamə tələb olunacaq. Dəyişiklikdə müəyyən yaş məhdudiyyəti də göstərilməyəcək. Yəni, 18 yaşlı yeniyetmə ilə yanaşı 35-40, 45 yaşlı bir cütlükdən də nikah haqqında şəhadətnamə tələb olunacaq, və yaxud da müxtəlif ərazilərdə onların sərbəst münasibətlərinə nəzarət mexanizmi həyata keçiriləcək. Yeni dəyişikliklər isə bir istiqamətdə fəaliyyət mexanizminə müsbət təsir edəcək. Yəqin ki, yeni dəyişikliklə insan alveri, zorakılıq, cinsi istismar hallaırının qarşısı alınacaq: “Düşünürəm ki, bu qanunun qəbul edilməsi insan alverinin, bu cür arzuolunmaz halların qarşısınının alınmasında müsbət addımdır. Lakin digər təbəqənin cinsi həyatına müdaxilə hesab edilir... Amma bir məsələ də var. Əslində hər şeyi insanın şəxsi arzu-istəyinə də buraxa bilmərik. Boşanmalar, ailədaxili konfliktlər kimi bir çox məsələlər də hər zaman dövlətin diqqətində olub. Bir tərəfədən insan hüquqlarının məhdudlaşıdırlmasından söhbət gedirsə, digər tərəfdən də dəyərlərin qorunması rəhbər tutulur. İki nəfər arasında münasibət varsa, onlar nə cür olursa, görüşəcək, bunun yollarını da tapacaq”.

“Bu cür faktları isbatlamaq o qədər də çətin olmayacaq”

 

Hüquqşünas Vidadi Mirkamal açıqlamasında qeyd edib ki, dəyişikliklər qəbul olunduqdan sonra bu cür faktları isbatlamaq bir o qədər də çətin olmayacaq. Əlbəttə, ehtimal var ki, Azərbaycanda bu nəzarət mexanizmi də polislərin əlində cəmlənsin:

“Müəyyən mənada əxlaqa zidd olacaq bu cür halların qarşısını almaq üçün qanunda yeni dəyişikliklərə ehtiyac var. Ölkənin milli-mentaliteti, dəyərlərinə zidd olacaq bu cür məsələlər qanunla qadağan edilə bilər. Əlbəttə, bu dəyişikliklərin qəbulu üçün cəmiyyət də prosesə hazır olmalıdır. Azərbaycanda həmin “sistem”ə nəzarət edəcək xüsusi bölmə yoxdur. Amma ehtimal ki, bu məsələ də polislərin nəzarətində olacaq. Çünki Azərbaycan polisinin çox geniş imkanları var. Türkiyədə bunun üçün ayrılan xüsusi bölmə, əxlaq polisləri adlanır”. Bu gün istənilən şəxs kiminsə birgə evə daxil olduğu şəxslə qeyri-qanuni intim münasibətdə olduğunu iddia etməklə polisə şikayət edə bilər. Amma maraqlıdır ki, qapalı qapı arxasında baş verənlərin həqiqətən nə olduğu necə araşdırılacaq? Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə aparmaq üçün xüsusi bölməsi də var. Bu fəaliyyət fahişəliyi əhatə etmir. Düşünürəm ki, polislə yanaşı Daxili İşlər Nazirliyində yaradılacaq xüsusi bölmə də bu işə nəzarət edə bilər. Bu prosesi araşdırmaq bir o qədər də çətin olmayacaq. Müxtəlif məlumatlar, müsahibələr əsasında bu prosesi araşdırmaq olar. Polis gün ərzində bununla bağlı şikayət daxil olan ünvanda bir müddət müşahidələr də apara bilər. Zəruri hallarda, məhkəmə qərarı olmadan bu evlərə daxil olaraq faktı dəqiqləşdirə bilərlər”. Bu isə o deməkdir ki, daxil olan məlumatla əlaqədar olaraq müəyyən şübhə yaranıbsa, hətta sonda bu şübhə, məlumat təsdiqini tapmadıqda belə istənilən anda hərbə-zorba gəlməklə qapını qırıb evə daxil olmaq olar.

Fransada cinayət sayılmır

 

Bəs görəsən, dünyada fahişəliklə bağlı qanun necə işlənib hazırlanır? Xüsusən də Fransa kimi ölkələrdə fahişələrin hüquqlarının müdafiəsi istiqamətində aksiyalar təşkil edilir. 20 minədək fahişənin olduğu ehtimal edilən Fransada bu yolla dolananlar az deyil. Parlamentarilərin fikrincə, faihəşəlik əleyhinə addımların atılması fahişəliyin güclənməsinə səbəb ola bilər. Digər Avropa ölkələrində də bu təcrübə var. Necə ki, uşaq qadağan edilən bir şeyə daha çox maraq göstərir, böyük də o cür. Bu isə o deməkdir ki, qanuna yeni dəyişikliklərin fahişəliyin qarşısını almağa yox, onun daha da “çiçəklənmə”sinə səbəb ola bilər. Fransada fahişəliyin qarşısının alınmasına rəsmi səviyyədə səy göstərilsə də fahişəlik Fransada cinayət sayılmır. Fahişəlik yalnız ictimai asayişə təhlükə kəsb edildiyi zaman cinayət sayılır. Sutenyorluq fəaliyyəti cinayət sayılır və buna görə 7 ilədək həbs nəzərdə tutulur, buna görə orta hesabla hər il 1000 adam mühakimə olunur. Fransa parlamentinin Sosialist partiyasından olan üzvü Danielle Bousquet fahişəlik əleyhinə hərəkatın lideridir. Fransada sadəcə olaraq fahişəyə göstərdiyi “xidmət” müqabilində pul ödənilməsi qadağan edilib. Bu da fahişəliyin qarşısının alınması istiqamətində maraqlı addımdır. Belə ki, seks üçün pul ödəməkdə təqsirkar bilinən şəxslər ilk olaraq 1500 avro ödəməli olacaqlar, təkrarlanacağı təqdirdə isə cərimənin məbləği iki dəfədən də çox olacaq. Bu cinayəti törədənlər həmçinin fahişəliyin zərərləri haqqında məcburi olaraq kursa cəlb olunur. Qeyd edək ki, Fransada fahişə qadınların küçələrdə müştəri axtarması, fahişəxana işlətmək və fahişə qadın marketinqi 2003-ci ildə qadağan olunub. İsveç isə cinsi əlaqəyə görə fahişələri deyil, pulu ödəyənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul edən ilk ölkədir. İsveç rəsmilərinin sözlərinə görə qanunun qəbulundan sonra Stokholm şəhərində küçələrdə fahişəliklə məşğul olan qadınların sayı azalıb. 1999-cu ildə İsveç hökuməti qanunvericilikdə dəyişiklik edərək seks xidmətinin alqısını kriminallaşdırdı, satışını isə dekriminallaşdırdı.

İspaniyada xüsusi gödəkçələrdə gəzirlər

 

Dünyanın bir çox yerində fahişəliklə əlaqədar seks turizmi fəaliyyət göstərir. Bəzi ökələrdə fahişəlik leqallaşdırılıb. Məsələn, Hollandiya və Macarıstanda, bəzi ölkələrdə isə qadağan olunmuş və hətta ölüm cəzası ilə cəzalandırılır - İran və Sudanda. Bir sıra sahələrdə isə fahişəlik leqal olaraq ciddi surətdə ABŞ-da fahişəliyin leqallaşdırıldığı yeganə ştat Nevadadır. Türkiyədə küçə fahişəliyi qeyri-leqaldır, lakin pritonlar leqal fəaliyyət göstərir. Bəzi hallarda fahişə fəaliyyəti və fahişəxanalar qırmızı fənər rayonları ilə məhdudlaşdırılır. Qeyri-rəsmi məlumatlara görə İspaniyada 300 minə qədər şəxs fahişəliklə məşğul olur. Orada fahişələrə xüsusi gödəkçələr paylanılır. Gecə saatlarında fahişələr yaxınlaşan avtomobillərin qarşısına qaçır ki, bu zaman da çoxlu qəzalar baş verir. Dövlət bu şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onlara fosforlu gödəkcələr paylayır. Gödəkcəni geyinməyən fahişələr 50 avro cərimə olunur. 2010-cu ilin sonlarında Almaniyanın Dortmund şəhərinin rəhbərliyi şəhər büdcəsindəki kəsiri aradan qaldırmaq üçün fərqli vasitəyə əl atıb. Hökumət dövlət büdcəsini təmin etmək üçün şəhərdə fahişəliyə görə vergi tələb etdi. Sitat gətirdiyimiz təcrübələrdən də göründüyü kimi hərbə-zorba ilə deyil, yalnız bu yollarla fahişəliyin statistikasına müsbət mənada təsir etmək olar. Yalnız bu yollarla insanları daha ətraflı məlumatlandırmaq, sağlam cinsi həyata sövq etmək olar. Bizə isə qanuna ediləcək dəyişikliklər qalır.

 

Nigar Məhərrəm

Cebhe.info

06:17