Neft Fondunun portfeli: "Zibil" reytinqinə düşüb

 

Neft Fondu aktivlərinin həcmini açıqlayıb. Məlum olur ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib. Yola saldığımız 9 ay ərzində Fondun aktivləri 2,9 milyard dollar və ya 8,7 faiz artıb.

İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır: “Artımın 44 faizi Avropa valyutasının payına düşüb. Yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12 faiz bahalaşması Fonda dollar ifadəsində əlavə 1,3 milyard dollar qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8 faiz olub. Funtun ABŞ valyutasına nəzərən 8,6 faiz bahalaşması nəticəsində aktivlərimizi 232,4 milyon dollar həcmində artırıb”.  

İqtisadçının sözlərinə görə, qızılın bahalaşması da aktivləri artırıb: “Cari ilin 9 ay ərzində qızıl 12 faiz bahalaşıb və yekun olaraq 133,3 milyon dollar gəlir gətirib. Artımın təxminən 57 faizi bu 3 mənbənin payına düşüb. Aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6 faizinin qeyri-investisiya reytinqinə (buna "zibil" reytinqi də deyilir) düşməsidir. Həmçinin Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir ki, bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir”.
 

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:48