Minlərlə işçi küçəyə atılır - BAKIDA

Mirvari Qəhrəmanlı: “İxtisara düşənlərə kompensasiya verilməlidir”

“Azfen” şirkətinin Sənqəçal terminalının “Şahdəniz-2” qaz layihəsində işləyənlər kütləvi şəkildə ixtisara salınır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ümumilikdə 7000 işçisi olan şirkətdən bu günə qədər təxminən 2500 nəfər ixtisara düşüb. Verilən məlumata görə, daha 4000-dən artıq işçinin ixtisara düşəcəyi gözlənilir. Amma ixtisara düşəcək işçilərin kompensasiya məsələsində mübahisəli məqamlar yaranır. Ekspertlər hesab edirlər ki, neft-qaz sektorunda çalışanların işə götürülmə qaydasında kifayət qədər qeyri-şəffaflıq hökm sürür. Bəzən say məhdudiyyəti olmadan, müəyyən vasitə və yollarla vətəndaşlar bu sektorda çalışmaq üçün işə götürülür. Ümumiyyətlə, neft-qaz sənayesində nə qədər işçiyə ehtiyac var?
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə deyib ki, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər (BP və SOCAR) istisna olmaqla) illik hesabatlarını açıqlamırlar. BP və SOCAR isə illik hesabatlarını çox gec açıqlayır: “Belə ki, 2016-cı iin hesabatı təqribən 2017-ci ilin ortalarında açıqlanacaq. Beləliklə, neft-qaz sektorunda nə qədər adam ixtisar olunduğunu demək çətindir. Şahdəniz-2 layihəsində iştirak edən şirkətlərdə ixtisar bu ilin əvvəlindən başlayıb və gələn il də davam edəcək. Layihənin müəyyən fazaları başa catdıqca, iş həcmi azalır, müəyyən vəzifələr ixtisara düşür. Qaynaqçılar, quraşdırıcılar, və s. Bu  işçilərlə bağlanmış müqavilələr müəyyən dövr üçün bağlandına görə müqavilə vaxtının qurtarması ilə əlaqədar işdən azad olunduğu təqdirdə kompensasiya verilmir. ASFEN-də və bəzi podrat şirkətlərdə isə əmək qanunvericiliyinin pozulması hallarından biri işçi ilə bağlanan müqavilənin üç aylıq olmasıdır. Yəni, işçinin müqaviləsi hər üç aydan bir uzadılır. Bu da arzuolunmaz işçini işdən azad etmək üçün ən yaxşı vasitədir. Bu halda işçi heç yerə şikayət edə bilmir”.
QHT rəhbərinin sözlərinə görə, əgər ixtisara salınıb kompensasiya verilməyən işçi varsa, o Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə hüquqi yardım üçün müraciət edə bilər: “İşçi ixtisara düşübsə ona mütləq kompensasiya verilməlidir”. “Neft-qaz sənayesində nə qədər işçiyə ehti-yac var” məsələsinə gəlincə, Mirvari Qəhrəmanlı qeyd edib ki, bu məsələ ölkədə reallaşdırılan layihələrə baxır: “Tələbat orada qeyd olunur. Layihə ictimaiyyətə təqdim olunanda neçə adam/saat tələb olunması yazılır. Belə statistikanı aparmaq QHT üçün mümkün deyil. Qaldı qohumların bu şirkətlərdə yerləşdirilməsinə... Təbii ki, ixtisar heç vaxt qohumlara aid deyil. Belə "qanunlar" rəhbəri azərbaycanlı olan Əməliyyat Şirkətləri, Müştərək Müəssisələrdə müşahidə olunur”.

Alçina
(Cebhe.info)

16:22