Kiçik hökumətə doğru: Daha bir nazirlik ləğv edilə bilər

Ölkə prezidentinin sərəncamına əsasən ötən həftə bir neçə dövlət qurumuna “publik hüquqi şəxs” statusu verildi. Yarandığı gündən etibarən dövlət büdcəsi hesabına maliyyələşən bu qurumların publik hüquqi şəxsə çevrildikdən sonra necə gəlir əldə edəcəyi sual doğuran məsələlərdən idi. Bu günlərdə verilən qərarlar isə məsələyə müəyyən qədər aydınlıq gətirir. Sərəncama əsasən İcrabri Tibbi Sığorta üzrə Dövlət Agentliyi də publik şəxs elan olunub. Ancaq ölkədə İcbari Tibbi Sığortaya maraq demək olar ki, yox səviyyəsindədir. Ümumiyyətlə, bu sahə Azərbaycanda inkişaf etməyib. Bu baxımdan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquqi şəxs kimi necə maliyyələşəcəyi məlum deyildi. Ancaq artıq Yevlax və Mingəçevir şəhərlərindəki tibb müəssisələrinin bir neçəsi Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni adı isə “publik hüquq şəxsin” tabeliyinə verilib. Bu isə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin publik hüquqi şəxs kimi necə vəsait əldə edəcəyi məlum olur. Ancaq qaranlıq məqamlar  qalmaqda davam edir. Məlumdur ki, ölkə ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələri Səhiyyə Nazirliyinə tabedir. Ancaq son günlər hökumət rəsmilərinin verdiyi məlumata görə, dövlət xəstəxanalarının bir çoxu özəlləşdirməyə çıxarılacaq. Bu isə Səhiyyə Nazirliyinin ləğv olunacağı fikrini yaradır. Tibb müəssisələrinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi və xəstəxanaların özəllədirilməyə çıxarılmasından sonra Səhiyyə Nazirliyinin heç bir səlahiyyəti qalmır və belə bir qurumun fəaliyyətinə ehtiyac da yaranmır. Bəs Səhiyyə Nazirliyi ləğv oluna bilərmi?

“Səhiyyənin də yükünü vətəndaşın üzərinə qoyurlar”

Vətəndaş və İnkişaf Partyasının (VİP) sədri, Azərbaycan Tibb Universitetinin (AzTU)  müəllimi, biologiya elmləri namizədi Əli Əliyev bildirib ki, Səhiyyə Nazirliyinin ləğv olunma ehtimalı yoxdur. Sadəcə olaraq aidiyyatı üzrə fəaliyyət göstərən humanitar nazirliklər birləşdirilə bilər: “Əslində “kiçik hökumət modeli”nə keçilməlidir və nazirliklər birləşdirilməlidir. Bu baxımdan Səhiyyə Nazirliyinin də birləşdirilməsi mümkündür. Ancaq cəmiyyət icbari sığortadan  məlumatsız olduğu üçün məsələyə bu formada yanaşırlar. Azərbaycanda İcbari Tibbi Sığortaya çoxdan keçilməli idi. Hesab edirəm ki, Yevlax və Mingəçevirdə həyata keçirilən pilot layihələr əvvəlcədən də nəzərdə tutulan məsələdir. Səhiyyə qurumlarının özəlləşdirməyə çıxarılması və hökumətin maliyyə yükündən azad olmaq istəyi düşdüyümüz durumla bağlıdır. Bu vaxta qədər şişirdilmiş layihələrlə, müxtəlif adlar altında büdcə vəsaitləri mənimsənilirdi. İndi isə neft pullarının tükənməsi, ölkənin ağır duruma düşməsi səbəbindən hökumət təcili surətdə səhiyyənin də yükünü vətəndaşın üzərinə qoymaq istəyir. İşin surətlənməsinin də bir neçə səbəbi var”.
Əli Əliyev icbari tibbi sığortanın vacibliyini vurğulayaraq qeyd edib ki, səhiyyə, sığorta polisləri olmalıdır və əhali icbari sığorta haqqında maarifləndirilməlidir: “Əhali də həmin polislərin fəaliyyətindən istifadə edərək müəyyən xidmətlərdən yararlanmalıdır. İcbari sığorta maliyyə təminatı yaxşı olan vətəndaşlar üçün vacibdir. Bunun cəmiyyətə ancaq müsbət təsiri olacaq. Özəlləşdirmə məsələsi isə hələ də qaranlıq olaraq qalır. Mən bu sahəni dərindən araşdırdığım üçün müəyyən məlumatlarım var. Səhiyyə Nazirlərinin rəsmilərinin verdiyi məlumatlara görə, nazirliyin öz əməkdaşları belə özəlləşdirmənin necə gedəcəyi, proseslərin necə inkişaf edəcəyi haqqında, hansı xəstəxanaların özəlləşdiriləcəyi və ümumiyyətlə, maliyyələşdirmənin necə aparılacağı haqqında məlumatsızdırlar. Rəsmilər özləri də bildirirlər ki, prosesin necə gedəcəyi hələ məlum deyil. Ona görə də icbari sığorta üçün pilot layihə Mingəçevir və Yevlaxda aparılır və hansı nəticənin verəcəyi layihənin gedişində bəlli olacaq. Hələ ki, bu haqda danışmaq tezdir”.

Vilayət Muxtar
Cebhe.info

13:14