İran mollakratiya rejimindən dəhşətli təhdidlər

 

Bu dəfə Güney Azərbaycan və Xuzistanda milli fəallata qarşı basqılar artıb

 

“XUDAFERİN.EU”-ya daxil olan bilgilərə görə, Tehran mollakratiya rejiminin xüsusu cəza dəstələrinin Güney Azərbaycan və Xuzistan bölgəsinə olan təqibləri və təzyiqləri xeyli dərəcə artmışdır. Bu yöndə insan haqları qrupları artıq həyəcan təbili çalmağa başlayıblar.

İlk dəfədir ki, İnsan Haqları təşkilatları bu prosesi ictimai və siyasi anlamda gündəmə gətirməyə başlayıblar. Mollakratiya rejiminin qanunsuz olaraq tutuqladığı vətəndaşların özəl bir biçimdə adları siyahıya alınaraq, uluslararası insan haqları qurumlarına da bu yöndə bilgilər çatdırılmaqdadır.

Hüquq müdafiəçiləri həmçinin son həftələrdə ərəblərin yaşadığı bölgələrdə keçirilən kütləvi aksiyalar ardından bir çox ərəb fəalın nəzarət altına alındığına dair xəbərlər yayıblar. Yayılan məlumata görə, 65 gün aclıq aksiyası keçirdikdən sonra keçən dekabr ayında sərbəst buraxılan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Murtaza Muradpur martın 5-də yenidən həbs edilib. Murtaza Muradpur mollakrat rejiminin “Sepah” adlı təhlükəsizlik qurumu tərəfindən nəzarət altında saxlanılır. Daha öncə 6 ay həbsə məhkum olmuş universitet müəllimi və milli fəal Abdullah Abbasi Cavanın Tehranda təhlükəsizlik qüvvələrinin müşayiəti ilə məhkəməyə aparıldığı da artıq sirr deyil. Məhkəmənin qərarına görə, Abdullah Abbasi Cavan 6 ay həbs müddətini tamamlamaq üçün Novruz Bayramı tətilindən sonra Tehranın Evin həbsxanasına müraciət etməlidir.

Ötən ay ərzində Güney Azərbaycanın bir çox şəhərlərində Türk Dilinə Ana Yasada təsbit olunan qanunlar çərçivəsində statusun verilməsi məsələsini gündəmə gətirən çoxsaylı milli fəallar Təbriz, Əhər və Meşginşəhr məhkəmələrinə çağrılıblar. Abbas Lisani, Əkbər Əbulzadə, Murtaza Məhəmmədi, Saleh Molla-Abbasi, Əlirza Çəngizi, Süleyman Kazımi, Beytullah Bərzgər, İsrafil Fətullazadə, Murtaza Səfəri və Məcid Nağızadə yaxın günlərdə mollakratiya rejiminin “İnqilab Məhkəməsi”nə müraciət etməlidirlər.

Milli fəalların bir çoxuna, özəlliklə də Güney Azərbaycanın Qaradağ mahalının Əhər şəhərində məhkəmə bir çox fəala yazılı çağırış göndərib. Amma onların çoxunun adı mediada hələ də açıqlanmayıb. Ötən həftələrdə Türk Dilinə Ana Yasada təsbit olunmuş qanunlar çərçivəsində hüquqi statusun verilməsi tələbi ilə çıxış edən milli fəallardan  Siyamək Mirzayi, Əlirza Fərşi, Əkbər Azad, Həmid Mənafi və Behnam Şeyxi 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il sürgün cəzasına məhkum ediliblər.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

16:17