Hadi Rəcəblidən daha bir “çıxış”: Bu dəfə nazirin müdafiəçisi rolunda

 

Kamran Əsədov: “Normal təhsil olmadığına görə şagirdlər repetitor yanına gedir”

Milli Məclisin deputatı Hadı Rəcəbli növbəti dəfə qəribə açıqlamaları ilə gündəmə gəlib. Millət vəkili deyib ki, valideynlər özlərinin tənbəllikləri ucbatından övladlarını repetitor yanına qoyurlar. “Təhsil və əmək tərbiyəsi müəllimlə valideynin birgə işinin nəticəsidir” deyən Hadı Rəcəbli qeyd edib ki, bunun üçün hər iki tərəf tənbəllikdən daşınmalıdır:

“Əksər hallarda valideynlər tənbəllikdən uşaqları repetitor yanına göndərir, özləri uşaqla məşğul olmaq istəmirlər. Bu məsələdə də yenə valideynlər dəblə ayaqlaşmağa çalışır. Filankəsin uşağı müəllim yanına gedir, mənimki niyə getməsin - deyə düşünürlər. Sonra da şikayət edirlər ki, mənim vəsaitim çatmır. Bəli, valideyn bədxərclik edir, otur, uşağınla özün məşğul ol”. Hadı Rəcəbli deyib ki, valideynin övladının dərsi ilə özü məşğul olması həm də əmək tərbiyəsidir, uşağın elmə, təhsilə olan marağının artırılmasıdır. Repetitor yanına gedən uşağa ayrıca nəqliyyat vasitəsi lazımdır və s. Valideynin uşağının təhsili ilə bilavasitə məşğul olması önə çəkilməlidir. Maraqlıdır, Hadı Rəcəbli hazırkı təhsil sisteminin səviyyəsini və qəbul imtahanlarının nə qədər mürəkkəb olduğunu bilərək belə açıqlama verir, yoxsa həqiqətən də valideynlər tənbəllik edirlər. Nəzərə alsaq ki, Azərbaycan valideynlərinin hamısı savadlı deyil, bu mənada millət vəkilinin növbəti dəfə absurd fikirlərlə gündəmi zəbt etməsi sadəcə görüntü xarakteri daşıyır. O mənada ki, sanki millət vəkili olaraq ciddi problemləri ortaya atır və onların həllinə çalışır.

 

Əhalinin neçə faizi ali təhsillidir?

 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov açıqlamasında deyib ki, Hadı Rəcəblinin fəaliyyəti dövründə səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb: “Mən Təhsil Nazirliyinin 2016-cı ildə təqdim etdiyi statistik göstəricilərə dayanaraq, bildirirəm ki, Azərbaycanda bütün əhalinin yalnız 17 faizi ali təhsillidir. Bizim hər 1000 nəfərə düşən valideynlərimizdən 126-sı ali təhsillidir. Məsələn, Qaradağ, Pirallahı, Suraxanı və Sabunçu rayonunda hardasa valideynlərin 34 faizi ali təhsillidir. Heç də bütün valideynlərin oxuduğu dövrdə elmi biliklər indi öz təsirini göstərmir. Son 9 il ərzində Azərbaycanda tətbiq olunan kurrikulum standartları ilə şagirdlərə ibtidai siniflərdə verilən mövzuları hətta ali təhsilli valideynlər belə yerinə yetirə bilmirlər. Çünki günü-gündən elm, texnika yenilənir. Bu məsələdə müəllimlərin və məktəblərin yerinə, valideynləri günahlandırmaq absurddur. Kiminsə qohumunu, ailə üzvünü gətirib məktəbə rəhbər qoymaqla və onlardan keyfiyyətli təhsil gözləmək olmaz. Hadı müəllim yaxşı olardı ki, bundan danışsın. İslam dinşünaslıq fakültəsini bitirən bir şəxsi məktəbə direktor təyin edib, o da öz qohumlarını məktəbə yığıb, məktəbin isə qəbul imtahanlarında nəticələri bərbaddır. Valideynlərin əlbəttə ki, şagirdlərin yaxşı oxumasına təsiri böyükdür. Amma bütün valideynlər Azərbaycanda birmənalı olaraq gündəlik şagirdin hazırlıq prosesinə kömək edə bilərlər. Hadı müəllim də çox yaxşı bilir ki, Azərbaycanda qəbul imtahanı bütün dünyadakı qəbul imtahanlarından ən mürəkkəbidir. Nəinki valideynlər, hətta müəllimlər bu sahədə şagirdlərə köməklik göstərə bilmirlər”.

Hadı Rəcəbli istəyirsə, DİM-ni ləğv etsin...

Ekspertin sözlərinə görə bu gün Azərbaycanda 150 min müəllim fəaliyyət göstərir: “Bu da adambaşına düşən müəllim-şagird nisbətinin dünya təcrübəsindən aşağı olduğunu göstərir. Normalda 9 şagirdə bir müəllim düşür. Bu funksiya valideynin deyil, məktəbin, təhsil müəssisələrinin funksiyasıdır. Burada valideynlər uşaqlarını ona görə repetitor yanına qoyurlar ki, məktəblərdə normal təhsil keçirilmir. Normal təhsil keçmədiyinə görə valideynlər məcbur olub övladlarını fərdi müəllim yanına qoyurlar. Həqiqətən də Hadı müəllim əgər istəyirsə ki, məhz valideynlərin öyrətdikləri övladları ali məktəbə qəbul olsunlar, o zaman Milli Məclisdə məsələ qaldırsın və Dövlət İmtahan Mərkəzi ləğv olunsun. Bütün Avropa dövlətlərində olduğu kimi Azərbaycanda da uşaqlar orta məktəb sənədi ilə ali məktəblərə qəbul olsunlar. Valideynləri günahlandırmaq əvəzinə yaxşı olar ki, ağır qəbul şərtlərini həyata keçirən qurum tənqid olunsun. Valideyn əldə etdiyi vəsaiti müəllimlərə, hazırlıq kurslarına qoyur”.

Ekspert əlavə edib ki, dövlət il ərzində təhsilə 3 milyard manat pul ayırır: “Niyə ondan soruşmurlar ki, sizə bu qədər pul ayırırıq, bəs sizin orta məktəbdəki işiniz nədir? Niyə hansısa qeyri-ixtisas sahibi, dinşünas ailəsi, qohumları ilə birlikdə kef eləməlidir? Amma nəticədə valideyn günahlandırılmalıdır... Valideynlər gündəlik öz vəzifələrini layiqincə yerinə yetirirlər. Amma layiqincə vəzifələrini yerinə yetirməyənlər var. Hesab edirəm ki, daha çox onları qınamaq, tənqid etmək lazımdır. Sizlər işə qəbul qaydalarını sadələşdirin, insanlar ali məktəblərə getməsinlər. Sovet dövründə heç bir təhsil almayan, hətta 9-cu sinif şagirdləri belə məktəbi bitirəndən sonra rahat iş tapa bilirdilər. Hazırda bakalavr, magistr, doktorant da işlə təmin oluna bilmir. Bu sistemi tətbiq etmək lazımdır. Ölkədə kifayət qədər fabrik, zavod açsaq və orta təhsilliləri fərq qoymadan işlə təmin etsək, o zaman repetitor yanına bu qədər pul xərclənməz. Biznes sahəsi yaradılsa, ölkədə repetitora verilən vəsaitlər biznesə sərf olunar. Belə olan təqdirdə də sağlam mühit formalaşar. Ölkə başçısı 2013-cü ildə Təhsilin İnkişafı üzrə Dövlət Stradegiya”sını təsdiq edib ki, təhsil əlçatan olmalıdır. Amma biz neynirik? Biz isə bunun qaydalarını çətinləşdirərək prezidentin istəyinə qarşı çıxırıq. Prezident deyir ki, bütün insanlarımız təhsil alsın. Amma bunun qarşısı kəsilir. Repetitor yanına getmənin iki səbəbi var. Birincisi, ağır qəbul qaydaları, ikincisi isə orta məktəblərdə normal təhsil aparılmamasıdır”.

Alçina Amilqızı

Cebhe.info

 

09:32