Dərmanlar müalicə etmir, ölümə göndərir

 

Sosial şəbəkələr insanda “1 nömrəli xəstəlik” yaradır

 

“Dünyanın 1 nömrəli xəstəliyi”nə çevrilmək iddiasında olan depressiya mütəxəssisləri daha çox işləməyə vadar edir. Milyonlarla insanı əhatə edən bu xəstəliyin dərmanının tapılması üçün araşdırmalar genişləndirilsə də, mütəxəssislər hələlik ortaq rəyə gələ bilmir. Depressiya halsızlıq, ruh düşkünlüyü, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur. Depressiya ağırlaşdıqda sağlamlığa ciddi fəsadlar verir və insanın məktəb, iş, ailə həyatında fəaliyyət funksiyasının zəifləməsinə təsir göstərir.

Hər il depressiyaya düşən 800 mindən çox insan intihar edərək dünyasını dəyişir. Bu, 15-29 yaş arasında olan insanların ölüm səbəbinin ikinci əsas səbəbidir. Depressiyanın effektli müalicə növlərinin mövcud olmasına baxmayaraq, dünyada ondan əziyyət çəkənlərin cəmi 10%-i müalicə alır. Psixi pozuntularla əlaqəli tibbi yardımın göstərilməsi üzrə hazırlanmış təchizatın və resursların kifayət qədər olmaması insanların depressiyadan effektli müalicə almasına maneələr yaradır. Digər bir maneə isə depressiyadan əziyyət çəkənlərə çox zaman səhv diaqnozun qoyulması və bu xəstəliyi olmayanlara antidepressantların təyin olunmasıdır. Depressiya və digər psixi sağlamlıq pozulmaları qlobal miqyasda artmaqdadır. 2013-cü ilin may ayında Ümumdünya Səhiyyə Assambleyası psixi pozuntular üzrə əlaqələndirilmiş kompleks tədbirlərin həyata keçirilməsinin milli səviyyədə təşkilinə çağıran qətnamə qəbul etdi.

Bilmədikləriniz...

 

Depressiya ən geniş yayılmış psixi pozuntulardan biridir. Hesablamalara görə, bütün yaş qrupları arasında 350 milyon insan depressiyadan əziyyət çəkir. Depressiya dünyada əlilliyin əsas səbəblərindən biri hesab edilir və qlobal xəstəliklərin sırasında ilk yerləri tutur. Kişilərə nisbətən, qadınlar daha çox depressiyaya məruz qalır.Depressiyanın ən ağır nəticəsi intihardır. Depressiyanın effektli müalicə növləri mövcuddur.

 

Sosial şəbəkələr depressiyaya salır

Həkimlər bildirir ki, depressiya sosial, psixoloji və bioloji faktorların bir-biri ilə əlaqəli inkişafı zamanı üzə çıxır. Həyatında mənfi hadisələr (iş yerinin, yaxınların və ya doğmaların itkisi, psixoloji travma) yaşayan insanlarda böyük ehtimalla depressiya yarana bilir. Son illər sosial şəbəkələrdən istifadənin depressiyanın artmasına təsirindən çox danışılır. Psixoloqlar da bildirir ki, özünü real dünyada təsdiq edə bilməyən insan qrupunun virtual meydanı reallıq kimi qəbul etməsi onların böyük əksəriyyətində zamanla depressiya əlamətlərinin yaranmasına səbəb olur. Arzuladığını real həyatda tapa bilməyən və virtuala meyil göstərən şəxslər arasında bu arzular da doğrulmadığı təqdirdə depressiyaya düşənlər çox olur. Depressiya öz növbəsində stressi artırır, normal həyat funksiyasını zəiflədir, vəziyyəti daha da çətinləşdirərək ağır formalı depressiyaya yol açır. Depressiya ilə fiziki sağlamlıq arasında əlaqə də mövcuddur, belə ki, ürək-damar xəstəlikləri zamanı depressiya yarana bilər. Profilaktika üzrə həyata keçirilən proqramlar depressiya yükünün azalmasına müsbət təsir göstərir. Müxtəlif fərdlər arasında depressiyaya effektiv profilaktik yanaşma həm də uşaq və yeniyetmələrə müsbət düşünmə qabiliyyətini aşılamaq üçün məktəb proqramları hazırlamaq metodologiyasını özündə birləşdirir. Davranış problemləri olan uşaqların valideynləri üçün nəzərdə tutulmuş tədbirlər valideynlərdə depressiya simptomlarının azalmasına və övladlarının davranış nəticələrinin müsbətə doğru dəyişməsinə şərait yarada bilər.

 

Yenə dərmanlar?

Orta və ağır dərəcəli depressiyaların effektiv müalicə növləri mövcuddur. Tibbi yardım sistemində çalışan həkimlər xəstəliyin ağırlıq yükündən asılı olaraq, həm psixolji təsir prosedurlarından (pasiyentin maarifləndirilməsi, depressiyaya, onun müxtəlif təzahürlərinə koqnitiv davranış terapiyası, müalicə metodları və profilaktikasına dair məlumat verən mütəmadi görüşlər və s.), həm də antidepresantlar (serotoninin intraneyronal udulmasının seçici inhibitoru (SİUSİ), serotoninin və noradrenalinin intraneyronal udulmasının seçici inhibitoru (SNİUSİ) kimi) vasitəsi ilə müxtəlif müalicə növlərindən istifadə edirlər.Antidepressantın seçimi pasiyentin xəstəlik tarixi, ailə anamnezi, preparatın əlavə təsiri və təhlükəsizlik profili ilə müəyyənləşdirilməlidir. Əgər pasiyentin hər hansı bir preparata həssas olan qohumu varsa, bu təqdirdə, o, həmin preparata həssas ola bilər.Preparatın klinik profil özəllikləri də seçimi müəyyənləşdirə bilər.Medikamentoz müalicə orta-ifadəli və ya ağır depressiya diaqnozu qoyulan pasiyentlərə təyin edilməlidir.Depressiyanın yüngül mərhələsində medikamentoz müalicənin faydasının onun təhlükəsindən geridə qaldığını nəzərə alaraq, medikamentlərin ilkin təyini tövsiyə edilmir.Belə hallarda həkim 2 həftə pasiyentin halını diqqətlə müşahidə etməli və qeyri-medikamentoz müdaxilə həyata keçirməlidir.

Dərman qəbul edib ölümə gedənlər

 

Dünya tibb elmində son illərdə aparılan araşdırmaların nəticələri daha çox səs-küy doğurur.Dünya bu araşdırmaları insanlar üzərində aparılmasını qəbul edə bilmir.Hətta araşdırmada iştirakçılar könüllülük prinsipi əsasında seçilsə də, bu metod qəbuledilməz hesab edilir.Buna görə də mütəxəssislər daha çox heyvanlar, əsasən də siçanlar üzərində sınaq aparır.Mütəxəssislərin bu dəfə dünyanın ən qorxulu xəstəlikləri sırasında 1-ci yerə çıxmağa iddialı olan depressiyanın müalicəsi ilə bağlı apardığı araşdrma maraq doğurub.Bu dəfə araşdırma ənənəvi olaraq siçanlar üzərində yox, yengəclər üzərində aparılıb.Müəyyən edilib ki, antidepressantlar qəbul edən yengəclər özlərini digər qrupa nisbətən daha aqressiv aparır.“Live Science”də yer alan məlumata görə, araşdırmada məqsəd həyəcan və depressiyalı yengəclərin müalicəsində tələb edilən antidepressant dozasını müəyyən etmək olub. Bu preparatın insana mümkün təsirini müəyyən etməklə yanaşı, okean sularından keçərək heyvanlara təsirini öyrənmək da məqsədlərdən biri kimi qarşıya qoyulub.

Müəyyən edilib ki, sahil sularında üzən “Hemigrapsus oregonensis” yengəcləri hətta ən az dozada preparat qəbulundan sonra da yırtıcılardan gizlənmir. “Ecology and Evolution” jurnalında yer alan məlumata görə, bu isə onların həyatına təhlükəni daha da artırır. “Hətta ən az dozada antidepressant qəbul edən yengəclər ölüm təhlükəsini hiss etsələr belə, yırtıcılara yem olmamaq üçün gizlənməyə lüzum görmür”,- deyə araşdrmanın aparıcı müəlliflərindən biri olan Eliza Qranek bildirib. Portland Dövlət Universitetinin professoru olan mütəxəssis deyib ki, bu da antidepressantlarla bağlı düşüncələri dəyişdirmək üçün müəyyən qədər əsas ola bilər. Qeyd edək ki, araşdırmada depressiyanın müalicəsində ən çox istifadə edilən və dünyaca məşhur olan fluoksetindən istifadə edilib.Preparatın təyinatında bildirilir ki, o, beyninə təsir edən seretoninin miqdarını artırmağa qadirdir.Bu isə insanın əhval-ruhiyyəsinə təsirsiz qalmır.Həmçinin o da müəyyən edilib ki, fluoksetin qəbul edən insanın nəcisi suya düşdükdə ondan qidalanan yengəclərin davranışlarında bəlli dəyişkliklər baş verir.Həmçinin bu, ekoloji vəziyyətə də təsirsiz qalmır. Qranek və onun həmkarları araşdırma zamanı suya az miqdarda fluoksetin əlavə edib. Bu miqdar hər litr üçün 3-30 nonoqram olub.Bununla da preparatın suda yaşayan canlıların davranışlarına təsirini öyrənmək mümkün olub.Araşdırma göstərib ki, antidepressant qəbul edən 90 yengəc yırtıcılar tərəfindən yeyilib, digər 6-sı isə onlarla mübarizədə ölüb.Öldürülən 30 yengəcin qəbul etdiyi antidepressant dozasının maksimum həddə olduğu müəyyən edilib. Həmçinin “dueldə” ölən yengəclərdə də eyni vəziyyət təkrarlanıb.Mütəxəssislər bildirib ki, dəniz sahilində yaşayan insanların sayının artması ilə su hövzəsində antidepressant tərkibi də artır.Bu isə həmin ərazidəki şəxslər arasında depressiyanın yayılması səbəbilə buna qarşı preparatların istifadəsindən asılıdır. Mütəxəssislər həyəcan təbili çalır: su hövzələrində bu maddələrin təsiri depressiyanın insanlar arasında sürətlə yayılması ilə daha da artacaq. Beləliklə də antidepressantların təkcə insanlara yox, ekosistemə təsirinin də daha ciddi öyrənilməsi vacibliyi üzə çıxıb.

 

Sevil Ağazadə

Cebhe.info

 

10:51