Dövlət satınalmalarında korrupsiya məsələləri müzakirə olunacaq

 

Hökumət və qeyri-hökumət təşkilatları “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsi çərçivəsində bir araya gələcəklər. “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsi çərçivəsində Azərbaycanda dövlət satınalmalarında şəffaflığın artırılması mövzusunu müzakirə etmək üçün 23 may 2017-ci ildə saat 11.00-dan 13.00-dək «Bridge Plaza»-nın konfrans zalında dəyirmi masa keçiriləcək.

 

Dəyirmi masada Şəffaflıq Azərbaycan təşkilatının ekspertləri tərəfindən hazırlanmış monitorinq hesabatının nəticələri təqdim olunaraq müzakirə ediləcək. Dövlət orqanları və vətəndaş cəmiyyəti əməkdaşlarının, həmçinin, biznes və media nümayəndələrinin tədbirdə iştirakı nəzərdə tutulub. Şəffaflıq Azərbaycan təşkilatından Hurriyyet.org-a verilən məlumata görə, tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi və digər dövlət orqanları əməkdaşlarının, həmçinin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin tədbirdə iştirakı da nəzərdə tutulub. Tədbirdə dövlət satınalmalarına dair qanunvericiliyin monitorinqinin nəticələri, eləcə də təkmilləşdirilməsi üçün tövsiyələri ehtiva edən hesabat sənədi müvafiq dövlət qurumlarına, o cümlədən tədbir iştirakçılarına təqdim ediləcək. Dəyirmi masanın məqsədi: monitorinq hesabatının nəticələrini ictimaiyyətə təqdim etmək və dövlət satınalmaları sahəsində qanunvericiliyin və onun tətbiqinin inkişaf etdirilməsinə dair hökumətlə konstruktiv müzakirə təşkil etməkdir. Həmçinin, satınalmalar sahəsində olan qanun pozuntularının səbəblərinin müəyyənləşdirilməsi, mövcud problemlərin öyrənilməsi və onların həll yolları barədə tövsiyələrin hazırlanaraq müvafiq dövlət orqanına təqdim edilməsi üçün imkan yaratmaqdır. Uzunmüddətli perspektivdə təqdim olunan tövsiyələr dövlət satınalmalar sistemində şəffaflığın və hesabatlılığın artırılmasına, bu sahədə qanunvericilikdə olan boşluqların aşkarlanmasına və müvafiq tədbirlərin görülməsinə töhfə verir. Məlumatda bildirlir ki, Dəyirmi masa Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq fondu tərəfindən icra edilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində keçirilir.

Sevil
Hurriyyet.org

 

13:20