Büdcəmizi dolduracaq neft qiyməti- 80 dollar

 

Natiq Cəfərli: “İqtisadi canlanmaya təkan vermək üçün neftin qiyməti 80 dollar olmalıdır”

Rusiya üçün neftin balans qiyməti açıqlanıb.Rusiyada dövlət büdcəsinin balanslaşdırılması üçün neftin zəruri olan qiyməti 60 dollar/barel təşkil edir.Bu məlumatı Rusiyanın maliyyə naziri Anton Siluanov verib. O bildirib ki, tədiyyə balansının cari hesabının balanslaşdırılması üçün neftin 35-40 dollar/barel, büdcənin balanslaşdırılması üçün isə 60 dollar/barel olması zəruridir. Nazir həmçinin qeyd edib ki, zəruri islahatlar aparılmadan Rusiya iqtisadiyyatında maksimal artım tempi 1,5 faiz təşkil edə bilər.

Maraqlıdır, bəs Azərbaycanda dövlət büdcəsinin balanslaşdırılması üçün neftin zəruri qiymətinin nə qədər olması sərfəlidir?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiyadan fərqli olaraq Azərbaycanda neft-qaz hasilatı və ixracatı əsas gəlir mənbəyidir: “Amma nə tədiyyə balansında, nə ÜDM həcmində, nə ticarət dövriyyəsində Azərbaycandakı qədər böyük çəkiyə malik deyillər. Buna görə də, Rusiya üçün hesablamalar aparılanda digər sahələrin gəlir mənbələri nəzərə alınmaqla hesablama aparılır.Bilirik ki, Rusiya Mendeleyev cədvəlinin tamamına sahib bir ölkədir.Yəni, tək neft və qazdan asılı bir ölkə deyil.Doğrudur, ölkə gəlirlərində neft-qaz amili çox önəmlidir.Ona görə Rusiyada hesablamalar aparılarkən, minimum qiymətləri cədvələ çıxartmaq daha asan olur (digər sahələrin ixracatını nəzərə almaq şərtilə). Azərbaycanda isə xam neft ixracatın 85 faizini neft məhsulları, qazla birlikdə isə 92-93 faizini təşkil etdiyi üçün büdcə gəlirlərinin formalaşmasında kifayət qədər yüksək qiymətlər alınır.Çünki Azərbaycanın büdcəsinin birbaşa və dolaysı ilə asılılıq məsələsi var. Obrazlı desək, neft satılır, pul Neft Fonduna daxil olur, oradan balans şəklində büdcəyə transfert olunur.Büdcə xərcləmələri sayəsində yenidən iqtisadi aktivlik yaranır.Yəni, neft olmasa, transfert də, büdcə xərcləmələri də, həmçinin büdcə layihələri də olmayacaq.Bu da iqtisadiyyata daha çox mənfi təsir göstərir”.

İqtisadçının sözlərinə görə, neftin qiymətinin azalması, büdcənin son 10 ilin dollar ekvivalentində ən kiçik büdcə olmasına səbəb olub: “Beynəlxalq təşkilatların hesablamalarında Azərbaycan üçün neftin qiyməti 65-70 dollar göstərilib. Zənnimcə, Azərbaycanın böhrandan öncəki dövrdəki inkişafını təmin etmək, iqtisadiyyatın artım tempini yüksəltmək üçün ölkə neftinin qiyməti ən azı 80 dollar və daha yuxarı olmalıdır.Təəssüf ki, bu anlamda biz Rusiyadan xeyli geridə qalırıq.Çünki Rusiyada iqtisadiyyatın digər sahələrinin inkişafı daha sürətlə gedir və bank sektoru daha dayanıqlıdır. Rusiya kommersiya bankları ölkə iqtisadiyyatının az qala 70-80 faizini maliyyələşdirməyə qadirdir. Azərbaycanda isə bank sistemi tamamilə iflic vəziyyətdədir.Belə ki, nə kredit verə bilir, nə də verdiyi krediti yığa bilir.Son dövrlərdə əsas iqtisadi aktivlik dövlət büdcəsi hesabına olur.Buna görə də Azərbaycanda iqtisadi canlanmaya təkan vermək üçün neftin qiyməti 80 dollar olmalıdır.Əslində Azərbaycanda iqtisadi canlanmaya səbəb olmaq üçün neftin təsirlərini azaldıb, real iqtisadi modelə - yəni, Qazaxıstan və Rusiyaya bənzər bir modelə keçmək lazımdır.Azərbaycan hər iki ölkədən təəssüf ki, geri qalır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

19:14