“Bu cür şəxslərin əmək müqaviləsinə xitam verilməlidir”

Təhsilimiz saxtakarlar əlində: Dövlət qurumlarında toplanıblar

Kamran Əsədov: “Saxta diplomu olanlar daha çox dövlət müəssisələrində çalışırlar”

Ötən ay Səhiyyə Nazirliyi 2016-cı ildə Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlamışdı. Nazirlikdən verilən məlumatda bildirilirdi ki, 2016-cı il saxta diplom üzrə - 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Səhiyyə Nazirliyinin "Qaynar xətti”nə 762 şikayət daxil olub. Nazirlikdən bildirilib ki, nəticədə 9 nəfər barədə məsuliyyət tədbiri görülüb.

Mart ayında oxşar açıqlama Təhsil Nazirliyi verdi. Məlumata görə Azərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparılır. Nazirliyin Aparat rəhbəri Fariz Rzayev bildirib ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb. Aparat rəhbərinin sözlərinə görə onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb: "2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”.

Saxta diplomlu “həkim”, saxta diplomlu “müəllim”, saxta diplomlu “hüquqşünas”, saxta diplomu “polis” və sair... Siyahını uzatmaq da olar. Bəli, bura Azərbaycandır! İlahi, biz harada yaşayırıq?! Bunları haqq edəcək nə işlər gördük?! Belə “yetirmələr”lə gələcək necə qurulacaq?! Burada baş verənlərin də çoxu müsbət və ya mənfi məhz bura aid cəmiyyətin xüsusiyyətlərini əks etdirir. Hər şeyin ifratının mənfi nəticələrə səbəb olduğu məlumdur.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, dünya reytinq siyahısında rahat yolla saxta sənədlərin hazırlanması, diplom almaq daha çox keçmiş SSRİ ölkələrinə xas olan xüsusiyyətdir: “Azərbaycana gəldikdə isə təəssüflər olsun ki, təhsilin əlçatan olmaması, ildən-ilə yeni qaydaların tətbiqi bir çox şəxslərin arzusuna çatmasına mane olur. Ona görə də insanlar həmişə müxtəlif yollara əl atırlar. 2015-ci ildə TQDK hesabat hazırladı ki, 1992-ci ildən 2014-cü ilə qədər Azərbaycanda diplom alanların 23 min nəfəri TQDK imtahanlarında heç bir yerə qəbul olmayıb. Digər statistikanı 2014-cü ildə Təhsil Nazirliyi açıqlamışdı ki, təhsil müəssisələrində işləyənlərin 2500 nəfərinin sənədlərində problemlər var. İndi də Təhsil Nazirliyi yeni bir informasiya yayıb ki, 1000 nəfərdən çox müəllimin diplomu saxtadır. Bu, ayıbdır. Təəssüf ki, saxta diplomu olanların 80 faizi əmək fəaliyyəti ilə məşğuldur və daha çox dövlət müəssisələrində çalışırlar. Onlar dövlət büdcəsinin vəsaitlərini mənimsəyirlər. Əmək Məcəlləsində nəzərdə tutulub ki, bu halda onlara verilən əmək haqları geri qaytarılmalıdır. Digər bir məsələ ondan ibarətdir ki, saxta sənədlə fəaliyyət göstərən cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Ekspertin qənaətincə, bu cür saxta sənədlərlə işə qəbul daha çox regionlarda baş verir. O fikrini regionlarda elektron kommunikasiya xidmətlərinin olmaması və təqdim olunan sənədlərin yoxlanma mexanizminin aşağı olması ilə əsaslandırıb: “Orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu Bakı şəhərində 2009-cu ildən etibarən vahid mərkəzdə keçirilib. 2011-ci ildən etibarən isə bütün Azərbaycanda müəllimlərin işə qəbulu imtahanla vahid mərkəzdən həyata keçirilib. Məhz bu saxta diplomlarla işə qəbul olanların çoxu 2011-ci ildən öncəki dövrlərə aiddir. Regionlarda bu cür saxta diplomlarla işə qəbul prosesi birbaşa məktəb direktorlarının və rayon təhsil şöbələrinin iştirakı ilə həyata keçirilir. Hər hansı şəxs məktəb direktoruna müraciət edir ki, əlində mənşəyi bəlli olmayan diplom var. Nələrinsə qarşılığında işə götürülməsin istəyir. Həmin direktor da rayon təhsil şöbəsinin rəhbərliyilə razılaşdırıb, sənədləri qəbul edib, müraciət edəni müəllim kimi işə götürür. Onlar uzunmüddətli əmək müqaviləsi ilə işə davam edirlər və nəticədə özlərini hazır müəllim hesab edirlər. 2014-cü ildən etibarən müəllimlərin diaqnostik qiymətləndirməsi həyata keçirilir. Bu zaman müəllimlərin diplomlarında yoxlanma prosesi başlandı. Həmin şəxslər narahat olmağa başladılar. Bəziləri problem üzə çıxmasın deyə ərizələrini yazıb işdən çıxdılar. Geridə qalan hissəsi isə sənədlərində problem olmasına baxmayaraq, sona qədər mübarizə aparmaq istədi. Bu gün ortaya çıxan həmin problemlərdir”.

 

 

Kamran Əsədovun sözlərinə görə qəbul imtahanlarında minimum biliyə malik olmayanlar gedib diplom alır: “Minimum biliyə malik olmayan şəxs gənclərimizə necə təhsil verə bilər? Məhz bunun nəticəsidir ki, buraxılış imtahanlarında 35 000 nəfər öz ana dilindən “2” alır. Qəbul imtahanlarında iştirak edənlər 65 faiz keçid balı toplaya bilmir. Yəni, müəllimi savadsız olanın şagirdi də bir şey olmayacaq. Bu, faktdır. Hesab edirəm ki, bununla bağlı ciddi tədbirlər həyata keçirilməlidir. Diplomunda problem olan şəxslərin əmək müqaviləsinə xitam verilməlidir. Onlar dövlətdən aldıqları pulu geri qaytarmalıdırlar. Çünki onlar bizim ödədiyimiz vergidən əməkhaqqı alıblar. Nəyə görə? İstəyirəm ki, dövlətim inkişaf etsin. Mən 4 il bakalavrı, 2 il magistratura, 3 il doktorantura oxumuşam. Azərbaycanda mənim kimi minlərlə insan var. Ali təhsili normal qaydada alıblar, amma işlə təmin olunmaqda sıxıntı çəkirlər. Bu, düzgün deyil. Əgər həkim saxta diplomla işləsə, o, bir neçə şəxsi öldürə bilər. Amma savadı olmayan, saxta diplomla işləyən müəllim kütləni məhv etmək gücünə malikdir. Bir sinifdə onlarla qız təhsil alır. Onlar gələcəyin analarıdır, onlar məhv olduğu kimi onların övladları da məhv olacaq. Yalnız bizim insanımız diploma əlçatmaz varlıq kimi baxır. Haradansa bir diplom “tapır”, nəyinsə müqabilində kimlərəsə “hörmət” edib işə girir. Dünya təcrübəsində belə əxlaqsızlıq yoxdur. Yalnız bizim insanımız göz görə-görə özünü məhvə aparır. O bilmir ki, bu gün kiminsə övladını məhv etdiyi kimi başqa bir şəxs də onun övladını məhv edəcək. Milli şüur, dəyərlər olmalıdır. Təəssüf ki, insanlarımızın çoxlarında bu yoxdur”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:19