Bakı necə milliləşdirildi?

Hələ Çar Rusiyası zamanından Bakı ilə bağlı çeşidli və məkrli planlar olub.

O dövrdən Bakını nə yolla olursa-olsun, Azərbaycandan qoparmaq və Rusiyaya birləşdirmək üçün ən müxtəlif yollara əl atılıb. Bu məkrli niyyətlər sovetlər dövründə də gündəmdə olub. Bakını Azərbaycandan ayırmaq və ya anklav bir bölgə etmək istiqamətində cəhdlər edilib.

Sovetlərin ilk dövrlərində bu planın baş tutmaması Nəriman Nərimanovun və kifayət qədər ziddiyyətli şəxsiyyət olan Mircəfər Bağırovun sayəsində alınmayıb.

Bu məsələdə “katolikdən daha çox katoliklik” edən daşnak xislətli erməni soşinistləri xüsusi canfəşanlıq göstəriblər. Çünki 1918-ci ilin mart qırğınından və Markaryan-Qriqoryan-Sumbatov (Topuridze) “trio”sunun qanlı əməllərindən, 1937-1938-ci illər repressiyasından sonra Bakıda, xüsusilə, şəhərin mərkəzində milliyyətcə azərbaycanlı əhalinin sayı xeyli azalmışdı.

Ermənilər də daxil olmaqla, digər rusdilli xalqların (ruslar, yəhudilər, tatarlar və b.) nümayəndələri Bakıda nisbətən çoxluq təşkil edirdi. Həm də ortada neft kimi önəmli bir faktor vardı. Bu da, heç şübhəsiz, erməniləri və onların Mərkəzdəki dəstəkçilərini daim Azərbaycanla, paytaxt Bakı ilə bağlı hər fürsətdə növbəti bitib-tükənmək bilməyən planları dövriyyəyə gətirməyə, işə salmağa həvəsləndirirdi.

Bu məsələnin başında Moskvada, Mərkəzi rəhbərlikdə yer almış, Stalinin “vuran əlləri”ndən olan (və ona qarşı satqınçılıq edənlərin başında gələn) daşnak Mikoyan dayanırdı. O, Kremli inandırmağa çalışırdı ki, Bakını ya Rusiyanın, Moskvanın tabeçiliyinə daxil etmək, ya da “anklav bölgəyə” çevirmək lazımdır. 

Bu yerdə xatırladaq ki, o zamanlar çox maraqlı və gözlənilməz bir hadisə baş vermişdi. Gürcüstanın Qara Dəniz sahillərindəki ən gözəl bölgələrindən olan dünya şöhrətli Soçi şəhəri Rusiyanın, Moskvanın tabeliyinə verilmişdi.

Bunu isə Gürcüstanın o zamankı rəhbərlərindən olan Serqo Orconokidze etmişdi və bundan xəbər tutan gürcü əsilli Stalin tarixçilərin, araşdırmaçıların dediyinə, yazdıqlarına görə, qəzəbindən yerə-çörə sığmırmış, əfi ilana dönübmüş. Xüsuilə də, başının üstündən belə iş görüldüyünə, onun xəbəri olmadan belə bir addım atıldığına görə. Amma iş işdən keçmişdi. Stalin reallıqla “barışmaq” məcburiyyətində qalmışdı və belə bir aqibət hər an Bakını da gözləyirdi.

Stalinin dünyasını dəyişməsindən, Xruşşovun hakimiyyətə gəlməsindən sonra ölkədə, o cümlədən, həm 20-30-cu illər repressiyalarından, həm İkinci Dünya Müharibəsindən (əhalisinin sayı 2-3 milyon civarında olan Azərbaycanın 600 mindən artıq vətəndaşı həmin qanlı savaşda iştirak etmiş və tam dəqiq olmayan məlumatlara görə, onlardan da 350-450 mini müharibənin qurbanı olmuşdu) böyük əziyyətlər çəkən Azərbaycanda bir qədər rahatlıq, dinclik əmələ gəlmişdi.

Mircəfər Bağırovun 30-cu illər represiyyasına görə məhkəməyə çəkilməsindən sonra qısa müddət ərzində Azərbaycana rəhbərlik Mir Teymur Yaqubova həvalə olunmuşdu  və o, 1954-cü ilə alim, böyük şəxsiyyət, əslən Qax rayonundan olan İmam Mustafayevlə əvəzləndi.

Azərbaycana İmam Mustafayev rəhbərlik etməyə başladı. Kifayət qədər milli insan olan İmam Mustafayev isə Bakı ilə bağlı planların mövcudluğundan xəbərdar idi və hər an belə bir təhlükənin baş verə biləcəyini gözləyirdi. Odur ki, Mustafayev Azərbaycanda Moskvanın, Kremlin siyasətindən kənar milliləşdirmə siyasəti aparmağa başladı.

Xüsusilə də, o dövrdə böyük hörmət və nüfuz sahibi olan partiya işçilərini, ziyalıları ətrafına topladı. Xalq yazıçısı, böyük ədib Mirzə İbrahimovu Ali Sovetin Rəyasət Heyətinin  sədri seçdirdi, Sadıq Rəhimovu (nazir Azad Rəhimovun babasıdır) Nazirlər Sovetinin sədri təyin etdi və bu trio 1954-1959-cu illərdə Azərbaycanın, Bakının milliləşdirilməsi siyasətinə böyük töhfələrini verməyə başladı. 

O zamanlar Bakıda azərbaycandilli məktəblərin sayı rusdilli məktəblərin sayı ilə müqayisədə çox idi. Qısa müddətdə Bakıda azərbaycandilli məktəblərin sayı artırıldı. Həmçinin, bölgələrdən Bakıya (o zamanlar təmiz bakılılar və azərbaycanlılar əsasən kənarda, Bakı-Abşeron kəndlərində məskunlaşmışdılar) azərbaycanlıların axınını təşkil etdilər, onların Bakıda qalıb işləmələri və yaşamaları üçün qeydiyyat prosedurlarını xeyli yumşaltdılar.

Və artıq 50-ci illərin sonlarına yaxın Bakıda (50-ci illərin əvvəlləri ilə müqayisədə) say-faiz nisbəti milliyyətcə azərbaycanlı olan insanların xeyrinə dəyişdi. Azərbaycanlı əhalinin sayı 40 faizin altında olan Bakının etnik mənzərəsi cəmi 4-5 il ərzində tamam dəyişdi, Bakı əhalisinin 50-60 faizini milliyyətcə azərbaycanlılar təşkil etdi.

Təbii ki, məşhur üçlüyün – Mustafayev-İbrahimov-Rəhimov triosunun bu addımları nisbətən  “yumşaq siyasət” tərəfdarı olan Xruşşuovun və ermənilərin təsiri altında olan Kreml rəsmilərinin xoşuna gəlmədi və nəticə etibarilə məlum üçlüyün milliləşdirmə siyasəti ilə bağlı nəhəng tarixi addımları onların siyasi hakimiyyət sonluğunu gətirdi.

Hər üç şəxs, Azərbaycan xalqının layiqli oğulları müxtəlif bəhanələrlə, müxtəlif adlarla vəzifələrindən getməyə məcbur edildilər. Əvvəlcə - 1958-ci ildə İbrahimovla Rəhimov, 1959-cu ildə isə İmam Mustafayev Azərbaycan rəhbərliyindən uzaqlaşdırıldılar.

Bunlara baxmayaraq, onların Azərbaycan xalqı naminə atdıqları addımlar nəticəsində Bakının Azərbaycandan qoparılması planları “suya” düşdü.

Oxu.Az

16:22