Azərbaycan Gürcüstanı Rusiya cənginə keçməkdən xilas edir

 

Rəsmi Tiflisin bir gözü isə hələ də başqa istiqamətə baxır

Gürcüstan enerji siyasətində diversifikasiya etməyə çalışaraq, Rusiya və İran qazının Gürcüstana ixracı ilə bağlı danışıqlar aparmaqdadır. İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqli barədə müqavilənin imzalanması haqqında məlumat yayılmışdır. İranın Milli Qaz İxracı Şirkətinin icraçı direktoru Əli Reza Kameli bildirmişdir ki, İran 40 milyon kubmetr qazın Gürcüstana sınaq nəqli üçün müqavilə imzalayıb. Bu məlumatı təkzib etməyə çalışan Gürcüstanın energetika nazirinin müaviniMariam Valişvili Gürcüstan hökumətinin qaz tədarükü ilə bağlı İranla razılaşmaya qoşulmadığını və qazın nəqli ilə bağlı Gürcüstanda fəaliyyət göstərən özəl şirkətlərin müqavilə imzalanması barədə də məlumata malik olmadığını bildrimişdi.
Lakin İranın Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə İdarəsinin rəhbəri Qulamrza Baqeri Müqəddəmin sözlərinə görə, 2017-ci ilin mart aydan etibarən Gürcüstana İrandan təbii qaz idxalına başlanması nəzərdə tutulub.O bildirib ki, iki ölkə arasında təbii qaz idxalına dair alqı-satqı müqaviləsi imzalanıb, lakin Gürcüstan hələ də idxala başlamayıb. Gürcüstan tərəfi isə qaz idxalına 1 ay sonra start veriləcəyini bildirib.

Qeyd olunmalıdır ki, İrandan Gürcüstana tranzit infrastrukturu yoxdur və İrandan Ermənistana yalnız 700 km-lik lokal boru xətti mövcuddur. Nəzəri olaraq İrandan Gürcüstana tranzit boru xətti çəkmək mümkündür, lakin Ermənistanın qaz nəqli sisteminə Rusiyanın "Qazprom” şirkəti nəzarət edir, bu cür layihələrdə Ermənistanın iştirakı Rusiyanın iştirakına bərabər tutulur.Bu da Gürcüstanın Rusiya ilə bağlı siyasətində problemlərin yaranmasına gətirib çıxaracaqdır.

2017-ci ilin 11 yanvar tarixində Gürcüstan XİN birinci müavini D.Zalkaliani Gürcüstan hökuməti ilə Rusiya Federasiyasının "Qazprom” şirkəti arasında imzalanmış sazişin təfərrüatları ilə bağlı ölkədə akkreditə olunan diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirdiyi brifinq zamanı Gürcüstan dövlətinin 2017-ci ilin ilk aylarında tranzit haqqı müqabilində Rusiya Federasiyasından Ermənistana daşınan qazın 10%-ni natura şəkilində əldə edəcəyini, sonrakı aylarda bunun əvəzində Gürcüstana tranzit haqqı ödəniləcəyini bildirmişdir. Yeni razılaşmaya görə, RF-dan təbii qazın daha sərfəli qiymətə – 1000 kubmetr üçün əvvəlki qiymətdən (215 dollar) fərqli olaraq, cari ildən 185 ABŞ dollarına alacağı qeyd edilmişdir.

Gürcüstanın qazla təchizatının əsas hissəsi Azərbaycanın payına düşür.SOCAR bu ölkəyə qazı güzəştli qiymətə satır. Əhali üçün nəzərdə tutulan bu qazın min kubmetrinə görə, Gürcüstan 189 dollar ödəyir. 2014-cü ildə Gürcüstan Azərbaycandan kommersiya qiymətinə (min kubmetri 240 dollardan) 400 milyon kubmetr qazalıb. Azərbaycanın Gürcüstana satdığı qazın min kubmetrinin orta qiyməti cəmi 131.25 dollar olub. "Qazprom”un qazın Ermənistana tranzitinə görə Gürcüstana satdığı qazın min kubmetri 185 dollar təşkil edir.

Gürcüstanın "Qazprom”la danışıqlara getməsinə nə səbəb oldu? Gürcüstan müxalifəti hesab edir ki, məsələnin arxasında Rusiyanın siyasi maraqları dayana bilər. Rusiya Gürcüstana qaz nəqlinin artırılmasının əleyhinədir. Rusiya bununla həm Azərbaycan, həm də Gürcüstan üzərinə təsir vasitələrini artırmağa çalışır. Hazırda Rusiyanın Gürcüstana iqtisadi təsir qüvvəsi zəifdir. Ancaq qaz güclü təsir vasitəsi ola bilər. Əgər Rusiya qazından asılılıq 15-20 faiz təşkil edərsə, bu, siyasi təzyiq alətinə çevriləcəkdir.

Gürcüstan bu təhlükəni hiss edərək qarşısını almağa çalışır. 2017-ci ilin aprelin 11-də Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, cari ilin sonuna qədər Gürcüstan "Qazprom”dan qaz almaq niyyətində deyil. Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq. Rusiya qazının Gürcüstana girməsinə mane olmaq üçün alternativ olaraq Gürcüstan hökuməti cari ilin aprel ayından etibarən əhalini və kommersiya sektorunu yalnızca Azərbaycan qazı ilə təmin etməyi planlaşdırır. SOCAR Gürcüstana qaz verilişini "Şahdəniz" yatağından Bakı-Tbilisi-Ərzurum qaz xətti ilə təmin edəcək. Verilmiş proqnozlara əsasən, bu il Gürcüstan ümumi olaraq 2,457 milyard kubmetr qaz alacaq ki, bunun da 2,347 milyard kubmetri və ya ümumi həcmin 95,5 faizi Azərbaycandan idxal olunacaq. Beləliklə, Gürcüstanın qaz idxalında Rusiyanın payı 4%-ə enəcəkdir.

Bununla Gürcüstan Rusiya Federasiyasından asılılığını tam azaltmaq niyyətindədir.

Buna baxmayaraq, Gürcüstan tərəfi iqtisadi maraqları üçün Ermənistana tranzit olunan qazdan imtina etmir və imtinanın Ermənistanla münasibətlərinə mənfi təsir edəcəyini səbəb göstərərək, həm Azərbaycanı, həm də daxildəki Rusiyaya qarşı olan qüvvələri sakitləşdirməyə çalışır. Beləliklə, Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün atdığı addımlar sabit xarakter daşımır və hər an gözlənilməz addımların və proseslərin şahidi olmaq mümkündür.

Newtimes.az

 

09:37