“Ahıska, Krım və Balkanlar bu coğrafiyanın kilididir”

Ankarada Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar rəhbərliyinin (YTB) və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) birgə əməkdaşlığı ilə “Ahıska Türkləri sürgünün 72-ci ilində” adlı konfrans və rəsm sərgisi keçirildi. YTB binasında olan toplantı Ahıska Türklərinin 1944-cü ildə Gürcüstandakı tarixi yurdlarından Orta Asiyaya sürgün edilməsinin ildönümünə həsr olunmuşdu. Tədbirdə Türkiyə dövlət başçısının baş müşaviri Yalçın Topçu, YTB-nin sədri Kudret Bülbül, DATÜB sədri Ziyatdin Kassanov, millət vəkili Salim Uslu, ictimaiyyət və media təmsilçiləri iştirak edirdi.

Ahıska Türklərinin deportasiyasından bəhs edən “Sürgün şahidləri” adlı sənədli film nümayiş olundu, sonra çıxışlar başlandı. Sürgünün 84 yaşlı şahidi Köşəli Rəsul Ahıska Türklərinin yaşadıqları əzab-əziyyət və zülmdən bəhs etdi, onlara qarşı yürüdülən haqsızlıq nəticəsində öz ata-baba yurdlarından didərgin düşdüklərini diqqətə çatdırdı. YTB-nin sədri Kudret Bülbül hər zaman Ahsıka türklərinin haqq işinin, doğma yurd sevdalılarının yanında olduqlarını söylədi: “Ahıska türklərinin dərdi bizim uzun zamandan bəri davam edən acımızdır. Ahıska, Krım, Balkanlar bu coğrafiyanın kilididir. Oradakı soydaşlarımızı müdafiə etməyi bacarsaq, güclü olarıq. Bu gün Türkiyədə 3 mindən çox Ahıska türkünə təhsil təqaüdü veririk. Xaricdə yaşayanlara isə dəstək göstəririk”.
Ahıskalıların ən böyük problemlərindən birinin də tarixi yurdlarına dönüş olduğuna diqqəti çəkən K.Bülbül bildirdi ki, “YTB bu istiqamətdə də səylərini əsirgəməyəcək.”  Özünü sürgünə məruz qalan Ahıska ailəsinin övladı adlandıran Türkiyə dövlət başçısının baş müşaviri Yalçın Topçu çıxışında belə dedi: “Birliyimiz və bərabərliyimiz daimi olsun. Bu birlik bütün mədəniyyət coğrafiyamızda olsun və Ahıska türklərinə, sonra da digər məzlum millətlərə barış, güvən, müstəqillik və rifah gətirsin”. O, Ahıska türklərinin öz vətənlərindən didərgin düşmələrinə baxmayaraq, adət-ənənələrini, dillərini qoruduğunu bildirdi: “Mən evdə anamla öz dilimdə danışıram”. Yalçın Topçu, eyni zamanda, Ahıska türklərinə diqqət göstərdiyi üçün YTB-yə öz minnətdarlığını bildirdi.   DATÜB-nin sədri Ziyatdin Kassanov isə çıxışında dedi: “Ahıska bölgəsi bir vaxtlar Osmanlı dövləti içində idi. Türkiyə sərhədlərinin xaricində qaldıqdan sonra onların problemləri başladı… Amma Ahıska türkləri hər şeyə rəğmən dilini, dinini, adət və ənənələrini itirməyən bir xalqdır. Ahıskalıların bəxti gətirib ki, arxamızda böyük dövlət olan Türkiyə var”. Tədbirin sonunda sərgiyə baxış keçirildi.

Xudaferin.eu

12:46