Adam oğurlayan yol polisinə və qardaşına cəza kəsildi

 

Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı, iki qadının oğurlanması və onlara seksual zorakılıqda suçlanan Fərid Azayevə 10 il 6 ay həbs cəzası verilib. Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda hökm çıxarılıb.

Keçmiş polis bu işə görə mühakimə olunan yeganə adam deyil. Onunla yanaşı, qardaşı Faiq Azayev, Vüsal Babayev və daha bir nəfər – Sona Kərimova da cəzalandırılıb. Vüsal Babayev 9 il həbs cəzası alıb. İstintaq və məhkəmə dövründə azadlıqda olan Faiq Azayev hökm açıqlanınca, elə məhkəmə zalında həbs edilib. Ona 5 il 6 ay həbs cəzası verilib. Həbsdə olmayan Sona Kərimova 2 min 700 manat cərimə ilə qurtulub. İttihama görə, 2014-cü ilin dekabrında Fərid Azayev və digər mühakimə olunanlar iki qızı oğurlayıb, onlara qarşı seksual xarakterli zorakılıq ediblər. Sona Kərimova isə zərərçəkənləri “tora salmağa” yardımçı olmaqda günahlandırılır.

“General və oğlunun sifarişiylə həbsdəyəm”
 

Fərid Azayev ittihamı rədd edir. Sabiq polis əməkdaşı iddia edir ki, heç bir günahı yoxdur və onu sifarişlə həbs ediblər. O, həbsinin əsas səbəbkarı kimi DİN İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general Cavanşir Məmmədovun adını çəkib: “Bu işdə əsas zərərçəkən mənəm. General Cavanşir Məmmədov və oğlunun sifarişi ilə həbsdəyəm. Gürcüstan mafiyası yığışıb bu işi düzüb-qoşub. Bu qız (zərərçəkmişi nəzərdə tutur - red.) hamısını yalan danışır. Mənə şər atdığına görə onun məsuliyyətə cəlb olunmasını xahiş edirəm”.

Fərid Azayev generalın məhkəmədə dindirilməsini istəsə də, bu tələb yerinə yetirilməyib. Zərərçəkənlərdən biri hələ məhkəmə gedişində o biri qardaşın – Faiq Azayevin də həbsini xahiş edərək, özünü güvəndə hiss etmədiyini deyib. Azayev qardaşlarının adı bir neçə il öncə müğənni Rəqsanə İsmayılova ilə məhkəmə çəkişməsində də hallanıb.

Azadliq.org

12:58