ABŞ-ın hədəfində olan 3 ölkə - onlar necə xilas oldu...

Şahin Cəfərli: “ABŞ-ın gücünü həddən artıq şişirtmək lazım deyil, onun da gücünün sərhədi, limiti var”

Bəzi ekspertlər ABŞ-ın son illər Türkiyəyə qarşı dağıdıcı planlar hazırladığını, lakin istəklərinə nail olmadığını vurğulayırlar. Xüsusilə də 15 iyul 2016-cı il çevriliş cəhdinin arxasında məhz Qərb dairələrinin dayandığı iddiası ciddi şəkildə səslənir. Lakin məlum olduğu kimi, Türkiyə dövləti bu xain hücumu dəf etməklə yanaşı, Qərbin digər planlarına qarşı da cəsarətlə duruş gətirməkdədir. İraqdakı “Kürdüstan” projesinin iflasa uğramasından sonra ABŞ Suriyadakı PKK və PYD kürd terrorçularını silahlandırıb Türkiyə sərhədlərində qardaş ölkəyə təhdidlər hazırlamağa girişib. Ancaq Ankara bu planı da alt-üst etmək üçün hərəkətə keçib.

ABŞ-ın İran və Rusiya ilə bağlı planları da hələlik bir nəticə verməyib. Cənub qonşumuz bir sıra hallarda dünyanın supergücünə meydan oxuyur. İranda yanvar ayının ilk günlərində baş verən qarışıqlıqlar, iri şəhərlərdəki etirazlar da səngidi. Hətta ABŞ bu aksiyaları birmənalı dəstəkləsə də, hədəfinə çata bilmədi. Krımı ilhaq edəndən sonra Rusiya ilə ABŞ arasında yaranan “soyuq müharibə”nin də hələlik ciddi təsirləri nəzərə çarpmır. Baxmayaraq ki, ABŞ həm neftin qiymətini kəskin şəkildə aşağı salmaqla, həm də Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə, Putinə qarşı etirazları stimullaşdırmaqla istəyinə nail olmağa çalışıb. Lakin bütün bu cəhdlər hələ ki uğursuzluğa düçar olub. ABŞ-ın dağıtmaq istədiyi bu üç ölkə gücü nədən, kimdən alır? Həqiqətənmi bu dövlətlərin başında güclü liderlərin dayanması onları ABŞ-ın hədəfindən yayındırır, yoxsa Tramp administrasiyası zəifdir?

“Türkiyə Qərb blokunun içərisində olan ölkədir, NATO-nun tamhüquqlu üzvüdür və bu ittifaq daxilində super güc ABŞ-ın qərarlarına veto qoymaq kimi bir imtiyaza sahibdir. Türkiyə daxilində ABŞ-ın və NATO-nun hərbi bazaları var. Türkiyə Avropa Birliyinə rəsmi namizəd olan ölkədir və Avropa Birliyi ilə çox sıx siyasi-iqtisadi əlaqələrə malikdir”.

 

Politoloq Şahin Cəfərli bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Ekspert Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə ciddi problem görmür: “Ümumiyyətlə, Qərb dövlətlərinin Türkiyənin iqtisadiyyatında, xarici ticarətində böyük ağırlığı var, məsələn, Türkiyənin ixracatının 70%-dən çoxu Qərbin payına düşür. ”Ak Parti" dövründə Türkiyəyə daxil olan təxminən 600 milyard dollarlıq xarici sərmayənin üçdə ikisi Qərbdən gəlib. Hətta Türkiyənin son illər inkişaf etməyə başlayan hərbi sənayesinin məhsullarının əsas alıcısı ABŞ-dır. Türkiyəni dağıtmaq istəsələr, belə edərlərmi? Belə bir ölkəni Qərb niyə parçalasın? Parçalayıb nə əldə edəcək? Düzdür, ABŞ və Avropada Türkiyənin hazırkı siyasətindən ciddi narazılıq var, prezident Ərdoğana neqativ münasibət formalaşıb, amma bunlar həlli mümkün olan problemlərdir". Ş.Cəfərlinin fikrincə, sadəcə olaraq, səmimi və hərtərəfli dialoqa ehtiyac var: “Bəsit dildə ifadə etsək, ABŞ istəyir ki, Türkiyə onun regional siyasətinə dəstək versin, İsrail ilə dostluqdan imtina etməsin və İsrailin təhlükəsizliyinə töhfə versin. Türkiyə isə bildirir ki, biz müstəqil siyasət yeridirik və prioritetlərimizi özümüz müəyyənləşdiririk, siz qarışmayın. Hər iki tərəfin mövqeyində haqlı və haqsız məqamlar tapmaq olar, ABŞ-ın müttəfiqliyə tamamilə zidd addımları olduğu kimi, Türkiyənin də müttəfiqliyə uyğun olmayan addımları var. Məsələn, amerikalılar 2003-cü ildə İraq əməliyyatı zamanı Türkiyənin ABŞ əsgərlərinin ölkə ərazisindən keçərək İraqa daxil olmasına icazə verməməsini hələ də unutmur. ABŞ-ın regional siyasətində baş rolda olan Pentaqon hələ də bu hadisənin kinini saxlayır. Lakin bütün ziddiyyətlərə baxmayaraq, mövqeləri uzlaşdırmaq imkansız deyil. 1974-cü ildə Türkiyə Kıbrısa hərbi müdaxilə edərkən də münasibətlərdə ciddi problem yaranmışdı, ABŞ Türkiyəyə silah embarqosu tətbiq etmişdi, Türkiyə isə ABŞ əsgərlərini İncirlik bazasında çıxarmışdı. Qısa müddət sonra münasibətləri bərpa etmək mümkün oldu. İndi də mümkündür. Son hadisələr də bunu göstərdi”.

Politoloq qeyd etdi ki, ABŞ Türkiyənin Suriyanın Afrin bölgəsinə hərbi müdaxilə etmək niyyətinə faktiki olaraq, etiraz etmədi: “Mənim fikrimcə, Türkiyə bütün real və potensial təhlükələri sovuşdurmaq üçün hərbi və diplomatik addımlarla yanaşı, daxildə demokratiyanın, insan haqlarının səviyyəsini də yüksəltməlidir. Türkiyənin, öz Ana Yasasında əksini tapdığı kimi, həqiqi mənada demokratik, dünyəvi, sosial hüquq dövlətinə çevrilməsi onun bölünməzliyinin başlıca təminatı olardı. ABŞ-Rusiya münasibətlərinə gəldikdə isə burada ABŞ-Türkiyə münasibətlərindən fərqli durum mövcuddur”.

Şimal qonşumuza gəldikdə, Ş.Cəfərli xatırlatdı ki, Rusiya ABŞ-ın dostu və müttəfiqi yox, rəqibidir: “Problemlər buradan başladı ki, Vladimir Putin iqtidarını möhkəmləndirdikdən sonra ölkəsinin oynadığı beynəlxalq rol, yaxud başqa sözlə, ölkəsinə biçilən beynəlxalq rolla razılaşmadı. Putin SSRİ-nin dağılmasını Rusiya üçün XX əsrin ən böyük geosiyasi fəlakəti kimi qiymətləndirərək itirilən mövqelərin heç olmasa bir qismini geri qaytarmaq cəhdlərinə başladı və Gürcüstan, Ukrayna hadisələri bunun nəticəsində baş verdi. ABŞ isə Putinin bu cəhdini 2-ci Dünya Müharibəsindən sonra formalaşmış və SSRİ-nin dağılmasından sonra müəyyən redaktələrlə Qərbin hegemonluğu altında davam etdirilən dünya düzəninə və razılaşdırılmış oyun qaydalarına ziddi hərəkət kimi qiymətləndirərək ”soyuq müharibə" dövründə olduğu kimi, Rusiyanı dayandırmaq, çəkindirmək siyasətinə geri döndü. Sanksiyalar, NATO-nun dirçəldilməsi, NATO hərbi infrastrukturunun Rusiya sərhədlərində qurulmağa başlanması bu siyasətdən irəli gəlir. Sadə dildə desək, ABŞ Rusiyanı zəiflətməyə çalışır, istəmir ki, Rusiya ona meydan oxuyacaq gücdə olsun. Lakin bu, heç də o demək deyil ki, ABŞ Rusiyanı dağıtmaq istəyir. Rusiya kimi nəhəng ölkəni dağıtmaq asan iş deyil və mən Vaşinqtonda hər hansı ciddi siyasətçinin və ya strateqin bu avantürist ideya ilə yaşadığına inanmıram. Rusiya dağılsa, orada yaranacaq xaosa kim cavabdeh olacaq, hadisələrə kim nəzarət edəcək? Rusiyanın böyük hərbi gücünün, raketlərinin, nüvə başlıqlarının taleyi necə olacaq? Şimali Qafqazda dirçəlməyə və çiçəklənməyə başlayacaq terrorizmin qarşısını kim alacaq? ABŞ belə bur durumun yaranmasını arzulayarmı? Məncə, yox".

Digər qonşumuzla bağlı duruma gəldikdə, politoloq dedi ki, ABŞ-ın İranla bağlı siyasəti də müəyyən mənada Rusiya ilə bağlı yeritdiyi siyasətə bənzəyir: “Lakin bir məqamı mütləq göz önündə tutmaq lazımdır ki, Vaşinqtonda İrana münasibətdə heç də vahid baxış, yekdil siyasət yoxdur. ABŞ-ın liberal çevrələri ilə mühafizəkarların radikal hissəsinin mövqeləri bu məsələdə haçalanır. Liberallar İranı təcrid etmək əvəzinə, onu dialoqa və əməkdaşlığa cəlb etməyin tərəfdarıdır. Onlar inanır ki, bu siyasət aparılsa, zamanla İran dövləti içəridən dəyişə, yumşala və islahatlara gedə bilər. Obama dövründə bu siyasət aparılırdı. Tramp isə bu məsələdə radikal yevangelistlərin və xristian sionistlərin mövqeyini bölüşür. Onlar İranı ABŞ-ın bölgə maraqlarına və İsrailin mövcudiyyətinə real təhlükə sayırlar və bu ölkənin nüvə silahı yaratmaq niyyətindən əl çəkmədiyini bildirərək onu zərərsizləşdirməyin zəruriliyini vurğulayırlar. Lakin necə və hansı yolla? Bu, qeyri-müəyyəndir. Aydın olan budur ki, həmin çevrələr İranda rejim dəyişikliyinə nail olmağı və Tehranda ABŞ-a, İsrailə düşmən olmayacaq bir rejimin formalaşmasını hədəfləyir. İranın bölünməsi onların planlarında, düşüncələrində varmı? Açığı, bu barədə dəqiq məlumatım yoxdur, amma bunu istisna etmək istəməzdim. Sonda bir məqamı da qeyd edim ki, ABŞ-ın gücünü həddən artıq şişirtmək lazım deyil. ABŞ-ın da gücünün sərhədi, limiti var”.

Cavid TURAN,
“Yeni Müsavat”

17:15