2 gün qaldı: Neft ucuzlaşdıqca, büdcə “şişir”

 

Vüqar Bayramov: “Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılmasına ehtiyac var”

 

2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır. Layihənin iyunun 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.Yenidən baxılacaq 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətlər məlum olub. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində qeyd olunub ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2 faizini təşkil etməklə (təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd çox), mütləq ifadədə 16 milyard 766 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 milyon manat və ya 3,1 faiz çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 milyon manat, Vergilər Nazirliyi üzrə 135 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 50 milyon manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 milyon manat təşkil edəcək. Qanun layihəsində 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 645 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozundan 135 milyon manat və ya 1,8 faiz çoxdur. Proqnozlaşdırılan əlavə daxilolmalar qeyri-neft sektorunun payına düşür.

Xatırladaq ki, 2017-ci il dövlət büdcəsi büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri isə 16 milyard 900 milyon manat, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 milyon manat məbləğində təsdiq edilib.
 

Neftin qiymətinin stabil olmadığı bir zamanda buna ehtiyac vardımı?

İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, 2017-ci ilin dövlət büdcəsinin xərc hissəsinə edilən dəyişikliklər məqbul hesab etmək olar: “Çünki büdcənin xərc hissəsinə edilən dəyişikliklərdə Əmanətlərin Sığortalanması Fonduna təxminən yarım milyarda qədər vəsait, eyni zamanda sosial evlərlə bağlı 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu baxımdan hesab edirəm ki, büdcənin xərclər hissəsinə bu tip dəyişikliklərin edilməsinə ehtiyac var. Nəzərə alsaq ki, bu gün fəaliyyətini yerinə yetirə bilməyən banklar var. Buna görə də vacibdir ki, Əmanətlərin Sığortalanması Fondunun aktivləri artırılsın. Əgər yaxın dövrdə hansısa bank müflis olarsa, o zaman bankdakı sığortalanan əmanətləri geri qaytarmaq mümkün olsun. Bu baxımdan büdcənin xərc hissəsinin artırılması və Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılmasına ehtiyac var”.

İqtisadçı onu da qeyd edib ki, 2017-ci il üçün dövlət büdcəsi layihəsində qiymət 1 barelə görə 40 ABŞ dolları məbləğində götürülmüşdü: “Ehtimal olunur ki, gəlirlərin artırılması neftin qiymətinin dünya bazarında yüksək olması ilə bağlıdır. Bu ilin ötən müddəti ərzində neftin bazar qiyməti 40 dollardan yüksək olub. Gəlirlər daxil olan zaman hökumət çox ehtiyatlı olmalıdır. Çünki neftin qiyməti stabil deyil və 2017-ci ilin ikinci yarısında neftin bir barel qiymətinin ucuzlaşması ehtimal olunur. Nəzərə asaq ki, Qətər ətrafındakı gərginlik hələlik həll edilməyib, eləcədə də ABŞ-da, Kanadada neft ehtiyatlarında artımlar var. Bu kontekstdə neftin dünya bazarında qiymətində azalmaların olacağı ehtimalı kifayət qədər yüksəkdir”.

Vüqar Bayramov bildirib ki, növbəti dövrlərdə büdcənin gəlirlər hissəsində artımlar daha çox qeyri-neft sektorun hesabına formalaşdırılmalıdır: “Çünki getdikcə neft əvvəlki əhəmiyyətini itirir. Azərbaycan neft ölkəsidir. Neftin dünya bazarındakı qiyməti Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir. Amma son proseslər, xüsusən də OPEC daxilində baş verən gərginlik, neft ehtiyatlarının dünya bazarında artması göstərdi ki, neftin əhəmiyyəti Azərbaycan üçün ön plandadır. Bunun müqabilində neftə olan tələbin azalması ondan xəbər verir ki, növbəti illərin büdcəsində qeyri-neft sektorunun payının artırılması prioritet olmalıdır. Çünki neftin qiyməti stabil və dayanıqlı deyil. Əgər 2017-ci ilin ikinci yarısında neftin dünya bazarında qiyməti 40 dollardan az olarsa, bu, büdcəyə proqnozlaşdırıldığından da az vəsaitlərin daxil olmasına gətirib çıxarda bilər. Büdcənin gəlir hissəsindəki artımlar birbaşa qeyri-neft sektorundan əldə edilən vəsaitlər hesabına formalaşmalıdır”.

Qeyri-neft sektorunun inkişafına nail olmaq mümkündürmü?

 

İqtisadçı o fikirlə razılaşıb ki, qeyri-neft sektorunun inkişafı qısamüddətli hədəf deyil:

“Qeyri-neft sektorunun inkişafı strateji məsələdir. Bu, zaman tələb edir. ÜDM qiymətləndirmələri göstərir ki, sürətli islahatlarla tam diversifikasiyaya (kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanması) 2020-ci ildən sonra nail olmaq mümkündür. Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir və qeyri-neft sektorunun inkişafı ÜDM və xarici ticarətdə, o cümlədən ixracatda payının artırılması illər tələb edir. Amma islahatları sürətləndirmək lazımdır. Etiraf etmək lazımdır ki, 2015-ci ildən sonra aparılan islahatların sürəti və həcmi artırılıb. Amma sözsüz ki, növbəti dövrlərdə hökuməti xüsusən də struktur islahatlarını sürətləndirməlidir ki, qeyri-neft sektorunun üç əsas makroiqtisadi göstəricidə payının kəskin artırılmasına nail olmaq mümkün olsun”.
 

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:32