Zahid Oruc elə yazıb ki, səs-küyü hələ kəsilmir - daha iki mövqe

Milli Məclisin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Orucun mətbuatda dərc olunan son yazıları xeyli müzakirələrə yol açıb. Tovuz döyüşlərində şimal qonşumuzun növbəti dəfə işğalçı Ermənistana “yardım əli”ni uzatması fonunda millət vəkilinin Türkiyə, Azərbaycan, Rusiya blokunun yaradılması ideyası ilə çıxış etməsi də birmənalı qarşılanmayıb. Z.Oruc hesab edir ki,  artıq Ermənistan Rusiya maraqlarının qoruyucusu kimi çıxış etmir, əksinə, təhlükə törədir. İrəvanın dostu Moskvanın müttəfiqi, yaxud düşməni rəqibi deyil.

“Azərbaycanın müstəqil siyasəti onun təhlükəsizlik qurşağıdır. Rusiya son 200 ildə müxtəlif formalı quruluşlardan, formasiyalardan və qanlı inqilabi proseslərdən keçmələrinə rəğmən, həm də Azərbaycanla keçmişin ağır mirasını dəfn etmək üçün ermənilərin qorxulu röya kimi xatırladıqları ”Koltso əməliyyatı", yaxud rus oğullarının Qarabağda azərbaycanlılarla çiyin-çiyinə şəhid olmağa qalxdığı şərəfli tarixi gələcəyə daşıya bilər. Ən əsası, erməni ideoloqlarının daim istismar etdiyi qiymətli arxivləri aça bilər. Göründüyü kimi, Qafqazda regional təhlükəsizlik sistemi 3 dövlətdən - Rusiya, Azərbaycan və Türkiyədən asılıdır"-Z.Oruc yazıb. Təşkilat rəhbərinin qənaətincə, İrəvanı hərbi-siyasi meydanda elə təkləmək lazımdır ki, Metsamor və Gümrü bazası artıq onu qorumasın.

Super güclərin belə, bu yeni təhlükəyə hazır olmadığı üzə çıxdı ...

 

Elşad Musayev: “Zahid Orucun Rusiyanın Azərbaycanın başına gətirdiyi müsibətləri görməməsi mümkün deyil”

Böyük Azərbaycan Partiyasının (BAP) rəhbəri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki,  Zahid Orucun TAR ittifaqı dediyi qeyri-real təklif yalnız gündəmi dəyişməyə xidmət edən təklifdir: “İndi hamı bu mənasız təklifi müzakirə edir, Qarabağ da, işğal altındakı torpaqların işğaldan azad edilməsi məsələsi də, Türkiyə Azərbaycan hərbi ittifaqının yaradılması və Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələləri də arxa plana keçirilir. Qəsdən gündəm dəyişilir. İkinci tərəfdən, Zahid Oruc bu qeyri-ciddi təklifi ilə Rusiyaya ”ayı xidməti" göstərir, Rusiyanın işğalçılıq siyasətini, işğalçının arxasında durduğunu, Tovuz hadisələri günlərində Ermənistana yenidən külli miqdarda silah göndərməsini gizlətməyə çalışır. Üçüncüsü, bu cür həssas dönəmdə belə Rusiyayanın həqiqi üzünü açmaq əvəzinə ona yarınan, “5-ci kolon” təmsilçisi kimi Rusiyanın tərəfində duran, ictimai rəyi çaşdıran belə adamların yüksək görəvlər daşıması təəssüf doğurur. Dordüncüsü, Azərbaycan ərazilərini işğal edib Ermənistana verən də, Azərbaycana hər cür təzyiq edən də, torpaqlarımızı işğaldan azad etməyimizə mane olan da Rusiyadır, bunu da Rusiyanın və dünyanın üzünə deməli, İşğalçı Rusiyanın təsir dairəsindən çıxmalı, Türkiyə ilə hərbi ittifaq şəraitində torpaqlarımızı azad etməli, ictimai rəyi qəsdən dəyişməyə çalışanlar isə ifşa etməli, ictimai qınaqla üz-üzə qoymalıyıq".

E.Musayev deyib ki,  Zahid Orucun  Rusiyanın Azərbaycanın başına gətirdiyi müsibətləri görməməsi mümkün deyil. İkinci variant da o ola bilər ki, Zahid Oruca daha “yuxarı”dan bu yazılar yazdırılır. Nəticədə yenə gündəm dəyişdirilir və ictimai rəy çaşdırılır".

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü:

 

Elxan Şükürlü: “Zahid Orucun məlum yazıları daha çox Rusiya və Türkiyə arasında uzlaşma variantına hesablanıb”

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü isə fərqli düşünür. O, bu qənaətdədir ki, Zahid Orucun mövqeyi bilərəkdən cəmiyyətə yanlış təqdim edilib və siyasi kampaniyaya çevrilib: “Əvvəla, Zahid Orucun mübahisəyə səbəb olan həmin iki yazısı bizdə - ”Strateq.az"da da dərc edilib. Ona cavablar da yazılmışdı, onu yaymaqdan imtina etdik. Çünki cavab yazılarında məsələnin mahiyyəti qalmışdı bir kənarda, daha çox Zahid Orucun şəxsiyyəti müzakirəyə çıxarılmışdı. Buna isə gərək yox idi - hər kəsi tutduğu siyasi mövqeyinə görə ittiham etmək mümkündür... Onları da başa düşürəm - bəzi dostlarımızda haqlı olaraq Rusiyaya qarşı böyük nifrət, Türkiyəyə isə sonsuz sevgi var, ya da əksinə. Hadisələri təhlil edəndə isə doğru nəticəyə gəlmək üçün gərək, hisslərə qapılmayasan - rəğbəti və nifrəti bir kənara qoyasan. Ancaq təəssüf ki, Zahid Orucun məlum yazılarına reaksiyalar Türkiyəsevərlərin Rusiyasevərlərə qarşı təbliğat kampaniyasına çevrildi. Reallıqda isə Zahid Oruc Azərbaycan hakimiyyətinin, eləcə də Rusiya və Türkiyə rəhbərliyinin Dağlıq Qarabağ məsələsində tutduğu mövqedən məlumatlı şəxs kimi, hadisələrin gedişini təhlil etmiş, mümkün inkişaf ssenarilərini dilə gətirmişdi". E.Şükürlü bu qənaətdədir ki, Rusiya ilə Türkiyənin Cənubi Qafqaz, o cümlədən də 3 tarixi imperiyanın qovuşma nöqtəsində yerləşən Azərbaycanla bağlı uzlaşma, yoxsa qarşıdurma variantı seçəcəyini hələ heç kim bilmir: “Azərbaycan üçün ən risklisi qarşıdurma, ən təhlükəsizi isə uzlaşma variantıdır. Zahid Orucun məlum yazıları da daha çox Rusiya və Türkiyə arasındakı bu uzlaşma variantına hesablanmış bir mövqe idi. Siz nəzərə alın ki, o, Sosial Tədqiqatlar Mərkəzi kimi mühüm bir strateji qurumun başında əyləşib, ictimaiyyət üçün qapalı informasiyaların daşıyıcısıdır və Azərbaycan dövlətinin bu qarışıq geopolitik situasiyada hansı mövqeni tutmasının gərəkli olduğu haqda ona hücum edənlərdən daha aydın təsəvvürə malikdir. Bir müddət keçəndən, emosiyalar sakitləşəndən sonra hər kəs görəcək ki, kim nədə haqlı idi”.

xudaferin.eu

 

16:15