Yaponiyalı mütəxəssis: Laçın şəhərinin azad olunması ilə Qarabağ ətrafında vəziyyət yeni mərhələyə qədəm qoydu

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin azad olunması təqdirəlayiqdir və bununla Qarabağ ətrafında vəziyyət öz yeni mərhələsinə qədəm qoydu.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Kaişi Universitetinin professoru, “ajmedia.jp” portalının baş redaktoru Akira Matsunaqa deyib.
Professor qeyd edib ki, 2020-ci ildə baş verən Vətən müharibəsində Azərbaycan 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında olan ərazilərinin əksəriyyətini azad edib. Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan birgə bəyanata əsasən Rusiya Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə sülhməramlı qüvvələr yerləşdirib. Avqustun 26-da Azərbaycan Laçın şəhəri də daxil olmaqla bir neçə obyektdə nəzarəti bərpa edib. Bununla üçtərəfli bəyanatlarda əksini tapmış öhdəliklər icra olunub və bu, təqdirəlayiq haldır.
Yapon professor əlavə edib ki, Laçının Azərbaycanın nəzarətinə keçməsi ilə Qarabağ regionunda vəziyyəti yeni mərhələyə adlayıb. Bununla Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək gücündə olduğunu bütün dünyaya bir daha nümayiş etdirib. Eyni zamanda, bu, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına və Cənubi Qafqazda davamlı sülh, sabitlik və dayanıqlı inkişafa nail olmağa şərait yaradıb.

Vüqar Ağayev

Xudaferin.eu

23:20