Xorvatiyanın “Nacional” jurnalında Laçın şəhəri ilə bağlı geniş məqalə dərc edilib

Xorvatiyada dərc olunan və geniş oxucu kütləsinə malik “Nacional” jurnalında Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun Laçın şəhərinə dair məqaləsi dərc edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Laçın şəhərinin işğalı və orada geniş miqyaslı vandallıq, dağıdıcılıq və yağmalama faktlarına diqqət çəkilib. Robert Sili, Conotan Sili kimi xarici jurnalistlərin məqalələrinə və “The Times”, “The Guardian”, “Chicago Tribune”, “Sun-Sentinel” kimi qəzetlərə, habelə Tomas Qoltzun “Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic” adlı kitabında qeyd olunan faktlara istinad edilib.

Eyni zamanda, məqalədə Azərbaycanın işğala məruz qalmış ərazilərində Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə və beynəlxalq humanitar hüquqa zidd olaraq həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti barədə məlumat verilib. Bunun Ermənistanın qoşulduğu IV Cenevrə Konvensiyasının 49-cu maddəsinin birbaşa pozuntusu olduğuna diqqət yetirilib. Daxilində qeyri-sabitliyin olduğu Yaxın Şərq (Suriya və ya İraq kimi) ölkələrindən köçürülən ermənilərin qeyri-qanuni məskunlaşdırılması, xüsusən Beyrutda baş vermiş dağıdıcı partlayış sonrası Livandan ermənilərin köçürülməsinin intensivləşdiyi vurğulanıb.

Məqalədə, üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq ölkəmiz tərəfindən Laçın dəhlizinə alternativ yolun inşası, Azərbaycan hakimiyyətinin yerli erməni əhali ilə birbaşa dialoqa açıq olması qeyd olunub.

 
İqbal Hacıyev
Xudaferin.eu

12:32