Xocalı Böyük Qayıdış proqramının ən əhəmiyyətli səhifələrindən biridir ŞƏRH

Prezident İlham Əliyevin əlamətdar tarixi günlərdə keçmiş məcburi köçkünlərlə görüşməsi, hərbi hissələrə baş çəkməsi, işğaldan azad olunmuş torpaqlara səfər etməsi ənənə halını alıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümündə dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva ilə birgə Xocalı şəhərinə gedərək sakinlərlə görüşməsi bu ənənənin davamıdır. Azərbaycan Prezidentin ailə üzvləri ilə birlikdə Xocalı şəhərini gəzməsi, burada görülən işlər və şəhərin Baş planı ilə tanış olması ölkə rəhbərliyinin işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsinə olan diqqətinin bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

O bildirib ki, həm İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz nəticəsində ərazi bütövlüyümüzün təmin olunması, həm də 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanda yeni dövr başladı: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltdı. Azad olunmuş ərazilərimizin bərpası, soydaşlarımızın Böyük Qayıdışı ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizə digər tarixi günlərdə olduğu kimi, Müstəqillik Günündə də getməsi vətəndaşlarımızın dövlətə olan bağlılığını, vətənpərvərlik hisslərini daha da gücləndirir. Azərbaycan xalqı bu il 28 May - Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bayram edir. Qazaxın düşmən tapdağı altında olan 4 kəndinin bir güllə atılmadan Azərbaycana qaytarılması da Müstəqillik Günü bayramına xüsusi rəng qatdı. Necə deyərlər, bayram bayrama qarışdı. Bütün bunlar Cənubi Qafqazda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş qətiyyətli siyasətinin nəticələridir”.

R.Alıyev əlavə edib ki, Prezident İlham Əliyev hər dəfə Qarabağa səfər edəndə yeni kəndlərin, infrastruktur layihələrinin açılışını edir: “Xocalı sakinlərinin öz yurdlarına qayıdışının Müstəqillik Gününə təsadüf etməsi olduqca məntiqlidir. İki il öncə Müstəqillik Günü ərəfəsində Prezident Ağalı sakinləri ilə görüşmüşdü. Onlar da məhz o gündə doğma torpaqlarına qayıtmışdılar. Keçən il Müstəqillik Günündə Prezident Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdi. Bu il isə əlamətdar tarixdə dövlətimizin başçısı ilə görüş xocalılılara nəsib oldu. Böyük Qayıdış proqramının Xocalı səhifəsinin açılışında şəxsən iştirak edən Azərbaycan Prezidentinə ifadə olunan minnətdarlıq hissləri xocalıların yaşadıqları misilsiz tarixi hadisəyə böyük dəyər verdiklərini göstərir. Azərbaycan müstəqilliyini elan edəndə xocalıların yuxusuna belə gəlməzdi ki, cəmi 4 ay sonra onlar faciə, soyqırımı ilə üzləşəcəklər. Hətta 44 günlük Vətən müharibəsindən sonra da xocalılar öz torpaqlarının hələ də erməni separatçılarının nəzarəti altında qalmasından narahat olmuşdular. Azərbaycan Ordusunun xocalılıların da yurdunu, ev-eşiyini düşməndən təmizləməsi, qayıdışlarını təmin etməsi onlara yuxu kimi gəlir. Doğrudan da bu gün xocalılılar füsunkar təbiəti olan öz yurdlarında çox xoşbəxt görünürlər”.

Politoloq onu da bildirib ki, cəmi 8 ay ərzində Xocalı şəhərindəki 3 hektardan da çox ərazidə yerləşən yaşayış kompleksi əsaslı təmir edilib: “Artıq Xocalıda “AzeRobot Education” robototexnika tədris mərkəzi, “Nakhishli” atelyesi, “Gilabi Ceramics” emalatxanası, “Sariban” peşə inkişaf mərkəzi fəaliyyət göstərir. Xocalının Baş planı da olduqca maraqlıdır. Xocalı önəmli strateji mövqeyə malikdir. Burada beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu və dəmir yolu fəaliyyət göstərəcək. Bütün bunlar Xocalını nəqliyyat qovşağı və logistika mərkəzi kimi əhəmiyyətli edəcək. Bu da Ağdam, Xankəndi və Şuşa şəhərlərinin yaxınlığında yerləşən Xocalının regional mərkəz kimi davamlı surətdə inkişaf etməsinə təkan verəcək. Burada bütün sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar açılacaq. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər Xocalıya xüsusi gözəllik verəcək. Xocalının torpağı çox münbit, məhsuldar olduğundan şəhər daxilində kiçik aqropark yaradılması nəzərdə tutulub. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək. Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Artıq Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Buradakı idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. Göründüyü kimi, Xocalı şəhəri Azərbaycanda öz gözəlliyi və inkişafı ilə seçilən şəhərlərdən biri olacaq. Xocalı Böyük Qayıdış proqramının ən maraqlı, zəngin səhifəsi olacaq”.

Xudaferin.eu

14:54