XİN rəsmisi: Ermənistan törətdiyi cinayət əməllərinə görə cavab verməlidir

Azərbaycan Ermənistanla münaqişə nəticəsində itkin düşmüş və ya girov götürülmüş vətəndaşlarının taleyi ilə daim maraqlanaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edib. Qarşı tərəfin törətdiyi müharibə cinayətləri onu deməyə əsas verir ki, beynəlxalq hüququn norma və qaydaları ciddi şəkildə pozulub.
Ermənistan mülki əhaliyə qarşı hər zaman müharibə qanunlarına zidd olaraq hərəkət edib. Müharibənin başa çatmasına baxmayaraq, 3890 azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. Təbii ki, hər ölkənin üzərinə düşən öhdəliklər var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Elnur Məmmədov avqustun 30-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən konfransda deyib.
Elnur Məmmədov diqqətə çatdırıb ki, Ermənistan etnik təmizləmə siyasəti aparıb, soydaşlarımız dözülməz şəraitdə saxlanılıb və vəhşicəsinə qətlə yetirilib. Girov götürülənlərdən 6-sı qadın olmaqla, ümumilikdə 54 soydaşımız Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin köməyi ilə Azərbaycana qaytarılıb.
Azərbaycan isə humanistlik göstərərək Vətən müharibəsindən sonra 100 ermənini girovluqdan azad edib. Erməni əsgərlərinin meyitləri aşkar edilərək qarşı tərəfə təhvil verilib.
XİN rəsmisi vurğulayıb ki, Ermənistan törətdiyi cinayət əməllərinə görə cavab verməlidir.

Xudaferin.eu

11:20