Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Aprelin 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xudaferin.eu AZƏRTAC-a istinadən bildirilib ki, görüşdə tərəflər Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın AŞ ilə 21 illik əməkdaşlıq çərçivəsinə nəzər yetirib. Bu günədək 65 müqavilənin ratifikasiya edildiyini, əlavə olaraq yeddi müqavilənin imzalandığını bildirib. Avropa Şurası ilə Azərbaycan arasında əvvəlki Fəaliyyət planları çərçivəsində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti, habelə Azərbaycanın ehtiyacları, AŞ-nin tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planı vurğulanıb.
Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəmizə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlətimizin başçısı ilə görüşün baş tutduğunu bildirib. Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla vurğulayıb.
Nazir Ceyhun Bayramov Avropa Şurası rəsmisinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Nazir Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, eləcə də Azərbaycan Hökumətinin həyata keçirdiyi humanitar minadan təmizləmə işlərindən bəhs edib. Hələ 1990-cı illərin əvvəllərindən itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı Ermənistan tərəfindən hər hansı məlumatın verilmədiyi də Avropa Şurası Baş katibinin diqqətinə çatdırılıb. Azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların Ermənistan tərəfindən azərbaycanlıların sistematik və məqsədyönlü şəkildə öldürülməsi barədə məlumatların gizlədilməsinin sübutu olduğu bildirilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın bölgənin gələcək inkişafı ilə bağlı baxışlarını həmsöhbəti ilə bölüşüb. Beynəlxalq hüququn prinsipləri əsasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin delimitasiyası və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin bölgədə sülh, sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb.
Görüşdə tərəflər regional və beynəlxalq gündəliyin aktual məsələləri, Ukraynada və ətrafındakı vəziyyəti, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xudaferin.eu

23:14