Xalqımız Azərbaycanın mədəniyyət paytaxtında birlik və ləyaqət bayramını qeyd edir

Torpaqlarımızın işğaldan azad edilməsindən və tarixi ədalətin bərpa olunmasından sonra Azərbaycan xalqı dövlətçilik tariximizin yeni şərəfli səhifələrini yazmaqda davam edir. Dünya azərbaycanlıları bu il Ramazan bayramını tamamilə fərqli əhvalda qarşılayır. Qalib xalqın nümayəndələri və qüdrətli dövlətin vətəndaşları kimi bu müqəddəs bayramı sabitlik və əmin-amanlıq şəraitində, qürur və iftixar içində qeyd edirik.

 Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri deyib: “Xüsusilə də, Prezident İlham Əliyevin təşəbbüsü və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşanın əsrarəngiz Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi, şübhəsiz ki, qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlıda sonsuz qürur hissi yaradır. Azərbaycan xalqı 29 il sonra ölkəmizin mədəniyyət paytaxtında tarixi anlara şahidlik edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Cıdır düzündə bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik.

Əlbəttə, şəhidlərimizin əziz xatirəsinə həsr olunan bu festival milli mədəniyyətimizin zənginliyinin və özünəməxsusluğunun göstəricisidir. Müzəffər Ordumuzun Zəfər yürüşü nəticəsində işğaldan və əsarətdən xilas edilən Şuşamızda belə bir tədbirin təşkili həm də xalqımızın milli həmrəyliyinin, dövlətimizin qüdrətinin ifadəsidir”.

Qeyd edilib ki, artıq xalqımızın “növbəti bayramı Şuşada qeyd edək” arzusu çin olub və bu, bizim üçün misilsiz iftixar mənbəyidir. Heç şübhəsiz, bəhs olunan musiqi bayramının Ramazan bayramı ərəfəsində təşkil edilməsi, xüsusilə də doğma Şuşamızda yenicə təmirdən çıxmış Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması Azərbaycan dövlətinin milli və dini dəyərlərimizin qorunmasına xüsusi diqqət göstərdiyini, xalqımızın öz mənəvi köklərinə bağlı olduğunu bir daha təsdiqləyir.

“Əminik ki, qüdrətli Azərbaycan bundan sonra da zirvələr fəth edəcək, dövlətçilik tariximizin yeni qürur və şərəf səhifələri yazılacaq. Yaşasın mübariz Azərbaycan xalqı! Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandanımız!”, - deyə komitə sədri əlavə edib.

Xudaferin.eu

14:58