Xalqa bağışlanmış ömürdən anlar: 1970-ci il

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

20 mart. Heydər Əliyev Azərbaycan KP MK-nın plenumunda geniş məruzə ilə çıxış edib.

17 aprel. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə Bakı metropoliteninin “Ulduz” stansiyasının açılışı olub.

9 may. Heydər Əliyev Akademik Dram Teatrında İkinci Dünya müharibəsində qələbənin 25 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib.

19 iyun. Azərbaycan SSR Elmlər Akademiyasının rəyasət heyətinin iclasında nitq söyləyib.

24 iyul. Xəzər donanmasının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib.

11 avqust. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

18 avqust. Kür-Bakı su kəmərinin tikintisi ilə tanış olub.

27 sentyabr. Kür-Bakı su kəmərinin ilk nasos qurğusunu işə salıb.

2 oktyabr. Sov. İKP MK-nın baş katibi L.İ.Brejnevin Azərbaycana səfəri ilə əlaqədar Bakıda keçirilən iclasda nitq söyləyib.

3 dekabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

X X X

Heydər Əliyev 1969-1970-ci illərdə Azərbaycan KP MK-nın bütün plenumlarında və digər yığıncaqlardakı məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir və qarşıya yeni vəzifələr qoyurdu. Məhz həmin illər Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi həyatında dönüş mərhələsi oldu. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, ciddi nizam-intizamın yaradılması, kadr dəyişiklikləri, ümumilikdə işgüzar mühitin sağlamlaşdırılması qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə lazımi şəraiti təmin edirdi.

Ötən əsrin 70-ci illərində Azərbaycanda yüngül sənaye (tikinti, cihaz və neft maşınqayırma sənayesi) inkişaf etdi. Şəhərlərdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Bütün yaşayış məntəqələrinə elektrik enerjisi verildi, qaz kəməri, telefon çəkildi. Ümumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından tədricən xilas edirdi. Respublikanın hər yerində irimiqyaslı layihələr, yenidənqurma işləri həyata keçirilir, zavod və fabriklər tikilirdi. Dahi rəhbər hələ o illərdə Azərbaycanı sanki gələcəyə hazırlayırdı.

1970-ci il aprelin 17-də Bakı metrosunun “Ulduz” stansiyası Heydər Əliyevin iştirakı ilə istifadəyə verildi və bununla da Bakı metropoliteninin inkişafında yeni mərhələ başlandı.

Dahi rəhbər iyunun 19-da Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında nitq söylədi və elmin inkişafı ilə bağlı qarşıya yeni vəzifələr qoydu. 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Heydər Əliyevin diqqət və qayğısı nəticəsində özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi, dünya arenasına çıxdı. Ulu Öndər öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanır, cəmiyyətin inkişafını elmdə, intellektdə görürdü.

Heydər Əliyev hələ 1969-cu ilin avqust plenumunda demişdi: “Elmi idarələrimizin fəaliyyətində ciddi nöqsanlar var. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər. Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyil. Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyil. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər”.

İyulun 24-də Xəzər donanmasının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev respublika iqtisadiyyatını dirçəltmək üçün gəmiçiliyin inkişafına mühüm əhəmiyyət verir, bu məsələni diqqətdə saxlayırdı. Xatırlatmaq yerinə düşər ki, 1969-cu il iyulun 14-də respublika rəhbəri seçiləndən bir neçə gün sonra – Azərbaycan KP MK-nın iyulun 22-də keçirilən büro iclasının gündəliyinə “Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ daxil etmişdi.

Heydər Əliyev bütün sahələrdə yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük əhəmiyyət verirdi. Bu baxımdan ali və orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması məsələsi gündəmə gətirildi. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə bir qrup azərbaycanlı gənc Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. Qısa zamanda belə gənclərin sayı 1000-ə çatdı.

“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”, – deyən Heydər Əliyevin tapşırığı ilə 70-ci illərdə Azərbaycan paytaxtında, digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələri ucaldıldı. Həmçinin bölgələrdə tarix-diyarşünaslıq muzeyləri açıldı.

Xudaferin.eu


 

14:27