Vüqar Bayramov: Azərbaycanın uğurları Qafqazda yeni reallıqlar formalaşdırdı

Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan praktik olaraq qarşılıqlı ərazi bütövlüyünün tanınmasını bəyan etdilər. Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıması ilə bağlı açıqlaması İrəvanda Qarabağ Azərbaycandır reallığının qəbul edilməsi anlamına gəlir. Bu reallıq, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən yazıldı, formalaşdırıldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.

Deputat bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun daha da gücəndirilməsi ilə bağlı işlər davam etdirilir. Milli təhlükəsizliyimizin formalaşdırılması ilə bağlı addımlar atılır, digər tərəfdən isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm də geosiyasi mövqeyini daha da möhkəmləndirib. Yəni, bir tərəfdən güclü ordu, digər tərəfdən Azərbaycanın güclü xarici siyasəti imkan verdi ki, Ermənistanın reallığı, ölkəmizin ərazi bütövlüyünü tanısın. Bu, çox böyük uğurdur. Bu uğur Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin nəticəsi kimi qiymətləndirilməldir. Ona görə də həm hərbidə, həm xarici siyasətdə əldə edilən uğurlar Qafqazda yeni reallığın formalaşmasına gətirib çıxardı. Yeni reallıq isə Qarabağ Azərbaycandır həqiqətinin qəbul edilməsi ilə nəticələndi.

Xudaferin.eu

16:29