Vətən müharibəsinin xronikası: 20 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

​Xudaferin.eu AZƏRTAC -a istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 24-cü günü

• Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad olunub. Prezident İlham Əliyev bununla bağlı xalqa müraciət edib.

• Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS qurğusu, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib. Ordumuzun artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb, 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

• Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə zərbələr endirməsi ilə bağlı videogörüntülər təqdim edib.

• Zəngilan şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb

• Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı uğurlu əməliyyatlar aparılıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.

• Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində məhv edilib.

• Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya atəşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edilməsinin videogörüntüsü yayımlanıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Xudaferin.eu


 

15:50