Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, erməni faşizminə də sarsıdıcı zərbə vurdu

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bütün dünyaya haqq işi uğrunda mübarizə apardığını nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş meydanında düşməni məğlub edərək ədaləti bərpa etdi, BMT-nin münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdi.
Bunu Xudaferin.eu.AZƏRTAC-a istinadən açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, uğurla həyata keçirilən “Dəmir yumruq” əməliyyatı xalqımızın qəlbindəki 30 illik nisgilə birdəfəlik son qoydu: “Rəşadətli ordumuzun qarşısında tab gətirməyən düşmən noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ermənistan üçtərəfli bəyanata əsasən, işğal altında saxladığı 3 rayonu – Ağdam, Kəlbəcər və Laçını boşaltdı. Beləliklə, Azərbaycan həm hərb meydanda, həm də diplomatiya meydanına düşmənə öz gücünü göstərdi. Dövlətimizin hazırda qarşıya qoyduğu ən ümdə vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, insanların öz doğma torpaqlarına qayıdışının təmin olunmasıdır. Bunun üçün Azərbaycan Prezidentinin Fərmanı əsasında xüsusi idarəetmə strukturu yaradılıb”.
Böyük Qələbəmizi təmin edən ən böyük amilin xalq-iqtidar birliyi olduğunu söyləyən S.Hüseynova qeyd edib ki, Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, erməni faşizminə də sarsıdıcı zərbə vurdu. Erməni ideoloqlarının “böyük Ermənistan” xülyası boşa çıxdı. Vaxtilə Ermənistanı idarə edən Koçaryan, Sarkisyan kimi rəhbərlər Azərbaycan ərazilərinin dağıdılmasını, talan edilməsini təşkil etməklə düşünürdülər ki, əhalimizin iradəsini sındıra biləcəklər. Ermənilər bu məqsədlə ötən əsrin 90-cı illərində çoxsaylı qırğınlar törədirdilər. Bunlardan ən dəhşətlisi və insanlığa sığmayanı Xocalı soyqırımının törədilməsi idi. Soyqırımı nəticəsində 613 nəfər mülki insan qətlə yetirildi. Bu insanların arasında qocalar, qadınlar və uşaqlar var idi. Xocalı faciəsi bizim qan yaddaşımızdır və heç vaxt bu ağrını unutmayacağıq. Faşist ideologiyası ilə qidalanan və yaşayan ermənilər Vətən müharibəsi dövründə də mülki əhalini hədəfə aldılar. Gəncə, Tərtər və Bərdəyə raket atan azğın düşmənin məqsədi azərbaycanlılarda xof yaratmaq, xalqımızın öz tarixi torpaqlarına qayıtmasının qarşısını almaq idi. Amma onlar buna nail ola bilmədilər. Düşmənə döyüş meydanında layiqli cavab verən Azərbaycan ordusu işğalçıları torpaqlarımızda qovdu və ərazi bütövlüyümüz bərpa edildi.

Xudaferin.eu

11:15